Gələn il sosial müdafiə və sosial təminat xərclərinə 4,9 milyard manat ayrılacaq

Gələn il sosial müdafiə və sosial təminat xərclərinə 4,9 milyard manat ayrılacaq

2027-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 914 milyon manat vəsait ayrılması planlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 41 milyon manat və ya 0,8 faiz, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə isə 359,8 milyon manat və ya 7,9 faiz çoxdur.

Gundelik.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, sosial müdafiə və sosial təminat xərcləri ümumi dövlət büdcəsi xərclərinin 11,6 faizini təşkil edəcək. Bu istiqamətə ayrılan vəsait 2023-cü illə müqayisədə 632,5 milyon manat və ya 14,8 faiz artacaq.

Əhalinin rifahının yüksəldilməsi, gəlir imkanlarının genişləndirilməsi, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin və sosial həssas qrupların müdafiəsinin gücləndirilməsi məqsədilə 2 milyard 850,2 milyon manat ayrılması nəzərdə tutulur. Bu məbləğ 2026-cı illə müqayisədə 99,2 milyon manat və ya 3,6 faiz çoxdur.

Sosial müdafiə və sosial təminat xərcləri çərçivəsində yaşa, əlilliyə, ailə başçısını itirməyə görə və digər sosial müavinətlərin, həmçinin müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına və şəhid ailələrinə Prezident təqaüdlərinin ödənilməsi, müvafiq kateqoriyadan olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 2 milyard 247 milyon manat vəsait proqnozlaşdırılır.

Bundan əlavə, ünvanlı dövlət sosial yardımlarının maliyyələşdirilməsinə 470 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili ilə bağlı xərclərə isə 133,2 milyon manat ayrılacaq.

Keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün 289,4 milyon manat nəzərdə tutulub. Bunun 257,3 milyon manatı vahid aylıq müavinətlərin ödənilməsinə, 14,6 milyon manatı kommunal xidmət haqlarının dövlət büdcəsi hesabına qarşılanmasına, 17,5 milyon manatı isə digər tədbirlərə yönəldiləcək.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması üçün 1 milyard 600 milyon manat ayrılması planlaşdırılır. Həmin vəsait Fondun ümumi xərclərinin 17,3 faizini təşkil edəcək.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.