33 kişi yola çıxdı, yalnız 13-ü sağ qayıtdı - Arktikanın buzlarında baş verən dəhşətli faciə
1879-cu ildə ABŞ-dən 33 nəfərlik heyət Şimal qütbünü fəth etmək ümidi ilə təhlükəli səfərə çıxdı. Lakin onların heç biri qarşıda onları hansı dəhşətli sınaqların gözlədiyini təsəvvür etmirdi.
Gundelik.az xəbər verir ki, söhbət tarixə faciəli Arktika ekspedisiyası kimi düşən USS Jeannette gəmisinin səfərindən gedir.
1879-cu il iyulun 8-də Jeannette gəmisi San-Fransiskodan yola düşdü. Ekspedisiyaya Corc Vaşinqton De Lonq rəhbərlik edirdi. Məqsəd Berinq boğazından keçərək Şimal qütbünə çatmaq, eyni zamanda Arktikanın coğrafi və təbii xüsusiyyətlərini araşdırmaq idi.
Lakin ekspedisiya Arktika buzlaqlarına daxil olduqdan sonra vəziyyət dəyişdi. Gəmi qalın buz kütlələrinin arasında sıxılıb qaldı. Heyət aylarla buzların hərəkəti ilə birlikdə sürükləndi. Dənizçilər bütün səylərinə baxmayaraq gəmini xilas edə bilmədilər.
1881-ci il iyunun 13-də buzların təzyiqinə tab gətirməyən Jeannette batdı. 33 nəfərlik heyət ərzaq, qayıqlar və digər ləvazimatlarla birlikdə buzların üzərindən Sibirin sahillərinə doğru təhlükəli yürüşə başladı.
Sentyabr ayında ekspedisiya üzvləri qayıqlarla açıq sulara çıxdılar. Lakin güclü fırtına onların qayıqlarını bir-birindən ayırdı. Çarlz Çippin rəhbərlik etdiyi yeddi nəfərlik qrupdan bir daha xəbər alınmadı.
De Lonqun rəhbərlik etdiyi digər qrup Lena çayının deltasına çatdı. Lakin onların da vəziyyəti olduqca ağır idi. Aclıq, soyuq və tükənən qüvvələr ekspedisiya üzvlərinin həyatına son qoydu.
Ekspedisiyanın digər qrupuna rəhbərlik edən Corc Melvill isə sağ qalanlarla birlikdə yerli sakinlərin köməyi sayəsində xilas ola bildi.
1882-ci ildə axtarış qrupları De Lonq və onun yoldaşlarının cəsədlərini tapdı. Məlum oldu ki, onlar aclıq və şaxtanın təsiri nəticəsində həyatlarını itiriblər.
Bu faciəli səfərin sonunda 33 nəfərdən yalnız 13-ü sağ-salamat ABŞ-yə qayıda bildi.
USS Jeannette ekspedisiyası tarixdə Arktikanın ən ağır kəşfiyyat faciələrindən biri kimi yadda qaldı. Onların missiyası Şimal qütbünə çatmaqla nəticələnməsə də, ekspedisiya zamanı toplanan məlumatlar Arktikanın coğrafiyası, buzlaqları və iqlimi haqqında elmi biliklərə mühüm töhfə verdi.
Onlar Şimal qütbünü fəth etmək arzusu ilə yola çıxmışdılar. Lakin Arktikanın amansız buzlaqları bu səfəri sağ qalmaq uğrunda mübarizəyə çevirdi.
Nuri
Gundelik.az