Eyni məhsulu alırlar, amma maya dəyəri fərqlidir: Səbəb nədir? - AÇIQLAMA

Eyni məhsulu alırlar, amma maya dəyəri fərqlidir: Səbəb nədir? - AÇIQLAMA

“İlk baxışda eyni məhsulu alan iki şirkətin maya dəyərinin də eyni olacağı düşünülə bilər”

Eyni məhsulu eyni təchizatçıdan alan iki şirkətin həmin məhsul üzrə maya dəyəri fərqli ola bilər. Buna səbəb yalnız alış qiyməti deyil, məhsulun əldə olunması, daşınması, saxlanılması və satışa hazır vəziyyətə gətirilməsi üçün çəkilən əlavə xərclərdir. Daşınma, anbar, gömrük, sığorta, valyuta məzənnəsi fərqləri və təchizatçı ilə razılaşdırılan alış şərtləri məhsulun son maya dəyərinə birbaşa təsir göstərir.

Mövzu ilə bağlı Gundelik.az-a açıqlama verən mühasibatlıq sahəsi üzrə mütəxəssis Sevinc Eminova bildirib ki, müəssisələr məhsulun maya dəyərini hesablayarkən yalnız alış zamanı ödənilən məbləği deyil, onun əldə edilməsi ilə birbaşa bağlı olan digər xərcləri də nəzərə almalıdırlar.

Onun sözlərinə görə, iki şirkət eyni təchizatçıdan eyni məhsulu eyni qiymətə ala bilər:

“İlk baxışda eyni məhsulu alan iki şirkətin maya dəyərinin də eyni olacağı düşünülə bilər. Lakin mühasibatlıq baxımından bu, heç də həmişə belə deyil. Çünki məhsulun alış qiyməti onun maya dəyərinin yalnız bir hissəsidir. Məhsulun şirkətin anbarına çatdırılması, gömrük rəsmiləşdirilməsi, yüklənməsi, boşaldılması və saxlanılması ilə bağlı müəyyən xərclər yarana bilər. Məsələn, iki şirkət eyni təchizatçıdan eyni məhsulu eyni qiymətə ala bilər. Lakin şirkətlərdən biri məhsulu öz nəqliyyatı ilə gətirir, digəri isə daşınma xidmətindən istifadə edir. Birinci şirkətin logistika xərcləri daha aşağı, ikinci şirkətin isə daha yüksək ola bilər. Eyni zamanda, gömrük rüsumları, idxal xərcləri və digər birbaşa məsrəflər də məhsulun maya dəyərində fərq yarada bilər. Anbar xərcləri də bu baxımdan əhəmiyyətlidir. Məhsulun saxlanılması, çeşidlənməsi və anbara qəbul edilməsi ilə bağlı xərclərin uçotu müəssisənin fəaliyyət xüsusiyyətlərinə və tətbiq etdiyi mühasibat uçotu qaydalarına uyğun aparılmalıdır. Burada əsas məsələ məhsulun əldə olunması ilə birbaşa əlaqəli xərcləri düzgün müəyyənləşdirməkdir”.

Sevinc Eminova alış şərtlərinin və əlavə maliyyə xərclərinin də maya dəyərinə təsirindən danışaraq bildirib ki, şirkətlərin təchizatçılarla fərqli müqavilə şərtləri, ödəniş müddətləri və endirim razılaşmaları onların yekun xərclərində ciddi fərqlər yarada bilər.

“Bəzən bir şirkət məhsulu əvvəlcədən ödəniş etməklə daha sərfəli qiymətə əldə edir, digər şirkət isə möhlətli ödəniş şərti ilə alış həyata keçirir. Valyuta ilə aparılan əməliyyatlarda məzənnə dəyişiklikləri də maliyyə nəticələrinə təsir göstərə bilər. Ancaq burada bütün əlavə xərcləri avtomatik olaraq məhsulun maya dəyərinə daxil etmək düzgün deyil. Xərclərin hansı kateqoriyaya aid olması və mühasibat uçotunda necə tanınması müvafiq standartlara əsasən müəyyən edilməlidir. Məsələn, məhsulun anbara çatdırılması üçün çəkilən birbaşa nəqliyyat xərci, bir qayda olaraq, ehtiyatların maya dəyərinə daxil edilir. Lakin ümumi inzibati xərclər və satışla bağlı məsrəflər məhsulun ilkin maya dəyərinə daxil edilmir, müvafiq qaydada dövrün xərcləri kimi uçota alınır.

Şirkətlər üçün ən vacib məqamlardan biri bütün bu xərclərin düzgün sənədləşdirilməsi və məhsullar arasında əsaslandırılmış şəkildə bölüşdürülməsidir. Əks halda, müəssisə məhsulun real maya dəyərini düzgün müəyyən edə bilməz. Bu isə satış qiymətinin formalaşmasına, mənfəət göstəricilərinə və ümumi maliyyə nəticələrinə təsir edir. Ona görə də eyni məhsulu alan iki şirkətin fərqli maya dəyəri ilə işləməsi normal iqtisadi və mühasibatlıq vəziyyətidir. Əsas məsələ bu fərqin hansı xərclərdən yarandığını düzgün hesablamaq və uçotda şəffaf əks etdirməkdir”, – deyə Sevinc Eminova qeyd edib.

Nurəddin
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.