TƏBİB-in tabeliyə qaytarılmasından sonra Səhiyyə Nazirliyinin müəssisələrində təmirə 293 min manat ayrılıb
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində cari təmir işlərinin aparılması üçün 292,9 min manat vəsait ayrılıb.
Gundelik.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti tərəfindən keçirilən satınalma üzrə “Sahil İnşaat 2020” MMC ilə 292 916,9 manat dəyərində müqavilə bağlanıb.
Satınalmanın predmeti nazirliyin tabeliyində olan səhiyyə müəssisələrində cari təmir işlərinin həyata keçirilməsidir.
Qeyd edək ki, bu satınalma səhiyyə sistemində idarəetmə strukturunun dəyişdiyi bir dövrə təsadüf edir. Belə ki, oktyabrın 19-da Prezident İlham Əliyev müvafiq fərman imzalayaraq TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edib.
Bu qərardan sonra səhiyyə müəssisələrinin idarə olunmasında Nazirliyin rolu yenidən genişlənib. Tibb müəssisələrində təmir və infrastruktur işlərinə ayrılan vəsaitlər də sektorun idarə edilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması baxımından diqqət çəkir.