Qazaxıstanda dövlət çevrilişi planlaşdıran 10 nəfər SAXLANILDI
Qazaxıstanda konstitusiya quruluşunun əsaslarını zorla dəyişdirməyi planlaşdıran bir qrup şəxsi saxlanılıb.
Gundelik.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) ölkənin qərbində yerləşən Atırau şəhərində istintaqın versiyasına görə, regionda konstitusiya quruluşunun əsaslarını zorla dəyişdirməyi planlaşdıran bir qrup şəxsi saxlayıb.
“2026-cı il oktyabrın 30-da MTK prokurorluq orqanlarının koordinasiyası ilə Atırau şəhərində ibtidai istintaq çərçivəsində eyni vaxtda 10 nəfəri saxlayıb. İstintaqın versiyasına görə, cinayətkar qrupun üzvləri Qazaxıstanın qərb regionunda konstitusiya quruluşunun əsaslarını zorla dəyişdirməyi qarşılarına məqsəd qoyublar”, – məlumatda bildirilib.
Saxlanılan şəxslər ekstremist qrup yaratmaqda, ona rəhbərlik etməkdə və fəaliyyətində iştirak etməkdə, həmçinin terrorçuluğu təbliğ etməkdə və dini ədavəti qızışdırmaqda şübhəli bilinirlər.
Şübhəli şəxslərin yaşayış yerlərində aparılan axtarışlar zamanı odlu silahlar, narkotik vasitələr, dini atributlar, ədəbiyyat və digər maddi sübutlar götürülüb. Bundan əlavə, onların yaratdığı uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş üç gizli tədris mərkəzinin fəaliyyəti dayandırılıb.
MTK qeyd edib ki, qruplaşmanın bir sıra üzvləri əvvəllər terrorçuluq və ümumilikdə cinayət xarakterli əməllərə görə məhkum olunublar. Qurumun bildirdiyinə görə, Qazaxıstan Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə əsasən, digər məlumatların açıqlanmasına icazə verilmir.