Dolğunun əridilməsi: Hialuronidaza nə vaxt lazımdır, nə vaxt təhlükəlidir? - Günay Əliyevadan AÇIQLAMA
Estetik kosmetologiyada dolğu prosedurlarından sonra hər zaman arzuolunan nəticə əldə olunmaya bilər. Bəzən dolğunun düzgün yerləşdirilməməsi, həddindən artıq tətbiqi, zamanla toxumalarda yaratdığı dəyişikliklər və ya müxtəlif fəsadlar onun əridilməsini zəruri edir. Bu məqsədlə istifadə olunan hialuronidaza preparatı isə düzgün göstəriş əsasında və mütəxəssis nəzarəti ilə tətbiq edilməlidir.
Mövzu ilə bağlı kosmetoloq Günay Əliyeva Gundelik.az-a açıqlama verib.
Onun sözlərinə görə, hialuronidaza hər dolğu probleminin universal həlli deyil. İlk növbədə, pasiyentin üz nahiyəsindəki mövcud dolğunun vəziyyəti, tərkibi, yerləşmə dərinliyi və yarana biləcək fəsadlar qiymətləndirilməlidir:
"Hialuronidazanın tətbiqindən əvvəl əsas məsələ dolğunun həqiqətən əridilməyə ehtiyacının olub-olmadığını müəyyənləşdirməkdir. Bütün dolğular hialuronidaza ilə əridilmir. Bu preparat əsasən hialuron turşusu əsaslı dolğulara təsir göstərir. Əgər pasiyentdə köhnə dolğular varsa, onların növü, miqdarı və toxumalardakı vəziyyəti qiymətləndirilməlidir. Bəzən üz nahiyəsindəki şişkinlik və ya forma dəyişikliyi dolğudan deyil, başqa səbəblərdən qaynaqlana bilər. Belə hallarda səbəb araşdırılmadan hialuronidaza tətbiq etmək düzgün yanaşma deyil. Hialuronidazanın tətbiqi müəyyən risklər də daşıyır. Preparat allergik reaksiyalara, yerli şişkinliyə və digər arzuolunmaz təsirlərə səbəb ola bilər. Buna görə də prosedurdan əvvəl pasiyentin allergik anamnezi və ümumi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır".
Günay Əliyeva xüsusilə damar fəsadlarının vaxtında tanınmasının vacibliyini vurğulayıb.
"Dolğu zamanı preparatın damara düşməsi və ya damar sıxılması toxumaların qan təchizatının pozulmasına, ağır hallarda isə dəri nekrozuna səbəb ola bilər. Dərinin qəfil ağarması, torşəkilli bənövşəyi rəng dəyişikliyi, güclü və qeyri-adi ağrı, görmədə bulanıqlıq və ya digər görmə pozuntuları təcili müdaxilə tələb edən əlamətlərdir. Ən təhlükəli vəziyyətlərdən biri dolğunun damar fəsadı yaratmasıdır. Belə hallarda vaxt itirmək olmaz. Damar tutulmasından şübhələnildikdə pasiyent dərhal tibbi qiymətləndirilməli, müvafiq təcili protokol əsasında müdaxilə edilməlidir. Hialuron turşusu əsaslı dolğularla əlaqəli damar tıxanıqlığında hialuronidaza mühüm müalicə vasitəsidir. Lakin görmə pozuntusu yaranarsa, bu, təcili oftalmoloji və xəstəxana yardımı tələb edən vəziyyətdir. Pasiyentlər bilməlidirlər ki, dolğunun əridilməsi sadəcə estetik korreksiya deyil, bəzi hallarda ciddi tibbi müdaxilədir", – deyə kosmetoloq bildirib.
Günay Əliyeva əlavə edib ki, dolğu prosedurlarının təhlükəsizliyi yalnız düzgün preparat seçimindən deyil, mütəxəssisin anatomik biliklərindən, fəsadları vaxtında tanımaq bacarığından və təcili yardım imkanlarından da asılıdır. Hialuronidaza isə yalnız düzgün göstəriş, uyğun qiymətləndirmə və tibbi nəzarət əsasında tətbiq olunmalıdır.
Nurəddin
Gundelik.az