Azərbaycanda ilk dəfə: Kahkaha terapiyası özünü tanıma və daxili tənqidçi ilə üzləşmə çalışmaları ilə birləşdirildi

Azərbaycanda ilk dəfə: Kahkaha terapiyası özünü tanıma və daxili tənqidçi ilə üzləşmə çalışmaları ilə birləşdirildi

EmpaTV-nin təşəbbüsü və təşkilati dəstəyi ilə 1 noyabr 2026-cı il tarixində Azərbaycanda fərqli formatda Kahkaha (gülüş terapiyası) üzrə qrup görüşü keçirilib. Klinik psixoloq və psixoterapevt Zəhra Zahidovanın rəhbərliyi ilə baş tutan görüşdə gülüş məşqləri özünü tanıma, daxili tənqidçi ilə üzləşmə və özünü qəbul etmə çalışmaları ilə birləşdirilib.

Gundelik.az xəbər verir ki, tədbiri EmpaTV-nin təsisçi direktoru Sevinc Rəcəbova açaraq iştirakçıları salamlayıb və görüşün əhəmiyyətindən bəhs edib.

Açılış nitqində Sevinc Rəcəbova qeyd edib ki, müasir həyatın yaratdığı stress və emosional gərginlik fonunda insanların öz daxili dünyalarına diqqət ayırması, emosional rahatlıq əldə etməsi və özlərini daha yaxından tanıması xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, gülüş hər zaman xoşbəxtliyin göstəricisi deyil. Bəzən gülüşün arxasında ifadə olunmamış hisslər, yaşanmış hadisələr və daxili emosional gərginlik dayanır. Bu baxımdan gülüşü yalnız əyləncə deyil, insanın özünə yönəlməsi və daxili rahatlıq axtarışında tamamlayıcı vasitə kimi də dəyərləndirmək mümkündür.

Görüşün əsas fərqləndirici xüsusiyyəti Kahkaha terapiyasının daha geniş psixoloji yanaşma çərçivəsində təqdim edilməsi olub.

Ənənəvi olaraq gülüş terapiyası gülüş məşqləri, nəfəs texnikaları və fiziki rahatlama elementləri üzərində qurulur. Bu görüşdə isə proqram iştirakçıların daxili dünyalarına yönəlməsi ilə başlayıb. Onlar özlərinə münasibətlərini nəzərdən keçirib, daxili tənqidçilərinin səsini fərq etməyə çalışıb və güzgü terapiyası vasitəsilə özlərinə fərqli baxış bucağından yanaşmaq imkanı əldə ediblər.

Görüşün metodikasını təqdim edən Zəhra Zahidova insanın özünə münasibətinin emosional rifahda mühüm rol oynadığını vurğulayıb. Onun rəhbərliyi ilə keçirilən çalışmalarda iştirakçılar özlərinə ünvanladıqları mənfi fikirləri müəyyənləşdirməyə, daxili tənqidçinin təsirini anlamağa və özlərinə qarşı daha anlayışlı münasibət formalaşdırmağa yönəliblər.

Proqramın yekun mərhələsində Kahkaha və nəfəs məşqləri keçirilib. Bu çalışmalar iştirakçılara gündəlik qayğı və gərginlikdən uzaqlaşmaq, müsbət emosional təcrübə yaşamaq və qrup daxilində sosial ünsiyyəti gücləndirmək imkanı yaradıb.

Görüşün əsas məqsədi yalnız gülüş vasitəsilə əhval-ruhiyyəni yüksəltmək deyil, eyni zamanda özünü tanıma prosesini dəstəkləmək, emosional gərginliyin azalmasına, özünü qəbul etməyə və daxili rahatlığın güclənməsinə töhfə vermək olub.

Qeyd edək ki, Kahkaha (gülüş terapiyası) gülüş məşqləri, nəfəs texnikaları və qrup qarşılıqlı əlaqəsi vasitəsilə emosional rahatlamaya və psixoloji rifaha dəstək olmağı hədəfləyən yanaşmalardandır. Bu fəaliyyətlər peşəkar tibbi və psixoterapevtik müalicəni əvəz etmir, onu tamamlayan rifah yönümlü fəaliyyətlər kimi qiymətləndirilməlidir.

Tədbirin fərqli yanaşması gülüşün sadəcə əyləncə elementi kimi deyil, özünü tanıma, daxili tənqidçi ilə üzləşmə və özünü qəbul etmə çalışmalarını tamamlayan mərhələ kimi təqdim olunmasıdır.

EmpaTV psixoloji maarifləndirmənin, sağlam düşüncə tərzinin və sağlam ünsiyyət mədəniyyətinin təşviqi istiqamətində bu kimi təşəbbüsləri davam etdirməyi planlaşdırır.

İnformasiya dəstəyi Gundelik.az-a məxsusdur.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.