“Real Madrid”də Arda Gülərin ötürməsi Gutini heyran etdi! “Dahiyanə!”

“Real Madrid”də Arda Gülərin ötürməsi Gutini heyran etdi! “Dahiyanə!”

“Real Madrid”də göstərdiyi performansla diqqət çəkən Arda Güler bir daha klubun əfsanəvi futbolçularından olan Gutinin tərifini qazanıb. Türkiyə millisinin futbolçusunun meydandakı futbol zəkasını ön plana çıxaran bu şərh İspaniyada gündəm olub.

Gundelik.az xəbər verir ki, “Real Madrid”in liqadakı son qarşılaşmasında nümayiş etdirdiyi oyun Arda Gülərin istedadını bir daha ortaya qoyub. Gənc ulduzun etdiyi məhsuldar ötürmənin arxasındakı məqamlara diqqət çəkən klubun əfsanəsi bildirib ki, həmin hücum Arda topu qəbul etməmişdən əvvəl onun zehnində formalaşıb.

“REAL MADRİD”DƏ ARD-ARDA DÖRDÜNCÜ QƏLƏBƏ

“Real Madrid” La Liqanın 11-ci turunda səfərdə qarşılaşdığı “Racing Santander”i 3:0 hesabı ilə məğlub edib. Madrid təmsilçisinə qələbə qazandıran qolları Kilian Mbappe, Cud Bellinqem və Yan Diomande vurublar.

Bu nəticə ilə çempionatda ardıcıl dördüncü qələbəsini qazanan Madrid klubu “El Clasico”da məğlub etdiyi lider “Barselona”nı 3 xal geridən izləməyə davam edib.

ARDA GÜLƏRDƏN BELLİNQEMƏ MÜKƏMMƏL ÖTÜRMƏ

Qarşılaşmaya start heyətində başlayan Arda Güler 21-ci dəqiqədə etdiyi məhsuldar ötürmə ilə matçın diqqət çəkən futbolçularından biri olub.

Mbappedən aldığı topu gözlətmədən müdafiə xəttinin arxasına hərəkətlənən Bellinqemə ötürən türkiyəli futbolçu ingilis ulduzun vurduğu qolda əsas rol oynayıb.

“Racing Santander”lə oyunda 67 dəqiqə meydanda olan Arda 6 açar ötürmə və 2 böyük qol fürsəti yaradıb. Onun ötürmələrinin dəqiqliyi isə 97 faiz təşkil edib. Milli futbolçu həmçinin girdiyi 5 ikili mübarizənin 3-də qalib gəlib.

GUTİDƏN ARDA GÜLƏRƏ TƏRİF: “DAHİYANƏ ÖTÜRMƏ!”

“Real Madrid”in keçmiş ulduzlarından Guti Arda Gülərin etdiyi məhsuldar ötürmə qarşısında heyranlığını gizlədə bilməyib. DAZN telekanalında çıxış edən ispaniyalı futbol mütəxəssisi türkiyəli futbolçunun həmin hücumu top onun ayağına çatmamışdan əvvəl planlaşdırdığını vurğulayıb.

Guti Arda Gülərin futbol zəkasına diqqət çəkərək bunları deyib:

“Mbappe topu ona ötürdüyü anda Arda Güler Bellinqemi əlverişli vəziyyətə çıxarmaq üçün hansı ötürməni verməli olduğunu artıq bilirdi. Çünki həmin epizodu əvvəlcədən beynində qurmuşdu. O, xüsusi futbol zəkasına malik, möhtəşəm oyunçudur. Belə bir futbolçudan gələn dahiyanə ötürmə idi”.

Guti əlavə olaraq Ardanın bir toxunuşla rəqib müdafiə xətlərini yarıb keçə bilən ötürmə qabiliyyətinin onu xüsusilə təsirləndirdiyini bildirib. O, gənc futbolçunun bu xüsusiyyətinin dünya futbolunda mühüm yer tutmasına kömək edə biləcəyini qeyd edib.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.