Hər gün içilən çaylarda gizli təhlükə! Nevroloqlardan mühüm xəbərdarlıq
Gündəlik həyatın ayrılmaz hissəsi olan çay bəzi paket növlərinə görə mikroplastik təsirinə məruz qalmağa səbəb ola bilər. Mütəxəssislər xüsusilə neylon və plastik tərkibli çay paketlərinin isti su ilə təmas zamanı kiçik plastik hissəciklər buraxa biləcəyinə diqqət çəkirlər.
Gundelik.az xəbər verir ki, çay bir çox insanın günə başlayarkən və ya gün ərzində dincəlmək üçün üstünlük verdiyi içkilərin başında gəlir. Nevroloqlar bəzi paket çayların isti suya mikroplastik və nanoplastik buraxa biləcəyini bildirərək istehlakçılara məhsulların üzərindəki etiketləri diqqətlə yoxlamağı tövsiyə edirlər.
JFK University Medical Center-də endovaskulyar cərrahi nevrologiya üzrə direktor və Hackensack Meridian Tibb Məktəbində dosent olan doktor Haralabos Zacharatos beyin sağlamlığının həm genetik xüsusiyyətlərdən, həm də gündəlik həyat vərdişlərindən asılı olduğunu bildirir. Mütəxəssisin sözlərinə görə, ətraf mühit şəraiti və gündəlik istifadə olunan məhsullar da orqanizmin müxtəlif kimyəvi maddələrə və mikroplastiklərə məruz qalmasında rol oynaya bilər.
Paket çaylar isti suda mikroplastik buraxa bilər
Nevrologiya və yuxu təbabəti üzrə mütəxəssis doktor Smita Patelə görə, mikroplastiklər və nanoplastiklər qidalarda, içməli suda və beyin də daxil olmaqla insan toxumalarında aşkar edildiyi üçün elmi ictimaiyyətin diqqətini cəlb edir. Bu hissəciklərin orqanizmə hansı yollarla daxil olduğu, nə qədər müddət bədəndə qaldığı və sağlamlığa hansı səviyyədə təsir göstərdiyi ilə bağlı araşdırmalar davam edir.
Xüsusilə torşəkilli və ya piramida formalı bəzi çay paketləri neylon və ya polietilen tereftalat (PET) kimi plastik materiallardan hazırlana bilər. Kağız kimi təqdim edilən bəzi paketlərdə də isti suda dağılmanın qarşısını almaq və kənarları bir yerdə saxlamaq məqsədilə polipropilen kimi polimerlərdən istifadə olunur.
Bu səbəbdən çay paketinin kağız görünüşündə olması onun tamamilə plastiksiz olduğu demək deyil. Plastik material yalnız paketin kənarlarında deyil, kağızın quruluşunda da mövcud ola bilər.
Paket çayın qaynama temperaturuna yaxın isti suya salınması istifadə olunan materialdan asılı olaraq mikroplastik və nanoplastik hissəciklərin içkiyə keçməsinə səbəb ola bilər.
Bir çay paketində milyardlarla hissəcik ola bilərmi?
McGill Universitetinin tədqiqatçıları tərəfindən 2019-cu ildə Environmental Science & Technology jurnalında dərc edilən araşdırmada 95 dərəcə temperaturda suda saxlanılan bir plastik çay paketinin təxminən 11,6 milyard mikroplastik və 3,1 milyard nanoplastik hissəcik buraxa biləcəyi bildirilib.
Lakin bu yüksək rəqəmlər elmi ictimaiyyətdə müzakirələrə səbəb olub. Xəbərdə fikirlərinə yer verilən mütəxəssislər müxtəlif elmi qiymətləndirmələrin araşdırmada göstərilən miqdarları şübhə altına aldığını vurğulayırlar.
Çaya keçən hissəciklərin miqdarı paketin hazırlandığı materialdan, suyun temperaturundan və dəmlənmə müddətindən asılı olaraq dəyişə bilər. Buna görə də qeyd olunan rəqəmləri bütün çay paketləri üçün keçərli hesab etmək düzgün deyil.
Mikroplastiklər beyin sağlamlığına təsir edirmi?
Mikroplastiklərin insan beyninə təsiri alimlərin araşdırdığı mövzulardan biridir. Doktor Patel bəzi heyvan tədqiqatlarının çox kiçik plastik hissəciklərin beynin qoruyucu baryerlərini keçə, iltihablanmaya səbəb ola və hüceyrələrin fəaliyyətini poza biləcəyini göstərdiyini bildirir.
Lakin heyvanlar üzərində aparılan araşdırmalarda müşahidə edilən bu təsirlər gündəlik qida və içkilər vasitəsilə qəbul edilən mikroplastik miqdarının insan beyninə zərər verdiyini sübut etmir.
2025-ci ildə Nature Medicine jurnalında dərc olunan meyit yarılması araşdırmasında da insan beyin toxumalarında plastik hissəciklər aşkar edilib. Tədqiqat zamanı demensiya diaqnozu qoyulmuş şəxslərin nümunələrində daha yüksək konsentrasiyalar qeydə alınıb.
Bununla belə, araşdırmanın ölçmə üsulları sual doğurub və əldə olunan nəticələrin səbəb-nəticə əlaqəsi yaratmaq üçün kifayət etmədiyi bildirilib. Demensiya ilə əlaqəli beyin dəyişikliklərinin də hissəciklərin beyinə daxil olmasına və ya orqanizmdən xaric edilməsinə təsir göstərə biləcəyi ehtimal edilir.
Bu araşdırma mikroplastiklərin Alzheimer xəstəliyinə səbəb olduğunu və ya paket çay istehlakının demensiya ilə əlaqəli olduğunu göstərmir. Bu istiqamətdə qəti nəticələr əldə etmək üçün daha çox elmi araşdırmaya ehtiyac var.
Mikroplastik təsirini azaltmaq üçün hansı tədbirlər görülməlidir?
Mütəxəssislərin fikrincə, mikroplastik təsirini azaltmağın yollarından biri plastik tərkibli ola bilən çay paketləri əvəzinə yarpaq çayından istifadə etməkdir.
Baş ağrısı təbabəti və ümumi nevrologiya üzrə mütəxəssis doktor Peter Josef Struck yarpaq çayının paslanmayan poladdan hazırlanmış süzgəclə və ya şüşə, yaxud keramika dəmliyində hazırlanmasını tövsiyə edir. Bu üsul çay paketlərindən qaynaqlana biləcək plastik təsirini azaltmağa kömək edə bilər.
Paket çaydan istifadə etməyə üstünlük verənlər isə məhsulların üzərindəki etiketləri diqqətlə yoxlamalıdırlar.
Mütəxəssislər xüsusilə aşağıdakı materiallara diqqət yetirməyi tövsiyə edirlər:
Neylon və ya poliamid: Bəzi torşəkilli və piramida formalı çay paketlərində istifadə olunur.
PET və ya polyester: Plastik çay paketlərinin istehsalında istifadə edilə bilər.
Polipropilen (PP): Bəzi kağız paketlərdə kənarları birləşdirmək və davamlılığı artırmaq məqsədilə tətbiq olunur.
Qablaşdırmanın üzərində yalnız “kağız” və ya “plastiksiz” ifadəsinin yazılması hər zaman kifayət etməyə bilər. Paketin tam olaraq hansı materiallardan hazırlandığını yoxlamaq, məlumat aydın olmadıqda isə istehsalçıya müraciət etmək daha düzgün yanaşma hesab olunur.
Mütəxəssislər istehlakçılara gündəlik istifadə etdikləri məhsulların tərkibinə diqqət yetirməyi və mümkün olduqda plastik tərkibli çay paketlərinə alternativ seçməyi tövsiyə edirlər.
Nuri
Gundelik.az