NASA astronavtı yadplanetlilər və Yer orbitində hərbi əməliyyatlar barədə danışıb

NASA astronavtı yadplanetlilər və Yer orbitində hərbi əməliyyatlar barədə danışıb

NASA-nın keçmiş astronavtı Uinston Skott kosmosda ağıllı həyatın mövcudluğuna əmin olduğunu bildirib.

Gundelik.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.

1990-cı illərdə iki dəfə kosmosa uçan Skott bildirib: “Mən kainatın başqa bir yerində ağıllı həyatın mövcud olduğuna inanıram. Lakin onların Yerə gəlib-gəlməməsi məsələsi hələ də açıq qalır”.

Amerikalı astronavt əlavə edib ki, onun ən sevimli yadplanetli obrazı Stiven Spilberqin “Yadplanetli” filmindəki E.T.-dir.

“Rəqəmlərlə düşünən insanam. Bütün bu milyardlarla və milyardlarla planet arasında Yer kürəsinin ağıllı həyatın mövcud olduğu yeganə planet olması mümkün deyil”, – deyə Skott vurğulayıb.

Bununla yanaşı, o, yeni kosmik yarışın ABŞ, Rusiya və Çin arasında Yer orbitində silahlı münaqişəyə səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

“Ümid edirik ki, kosmosda hərbi əməliyyatlar baş verməyəcək, lakin mən belə bir ehtimalı istisna etməzdim. Əlbəttə, ümid edirəm ki, kosmos insanları birləşdirən, onları bir-birinə yaxınlaşdıran bir məkan olacaq. Amma görək, nə baş verəcək”, – deyə Skott bildirib.

Astronavt əlavə edib ki, siyasi fikir ayrılıqlarına baxmayaraq, Rusiya və ABŞ Beynəlxalq Kosmik Stansiyanın fəaliyyətinin davam etdirilməsi məsələsində tərəfdaş olaraq qalırlar.

Daha əvvəl, 1972-ci ildə Ayda olmuş amerikalı astronavt Çarlz Dyuk UNO-ların (uçan naməlum obyektlərin) təbiəti barədə danışıb. Onun fikrincə, naməlum obyektlər demonik varlıqlardır.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.