Neft Fondundan büdcəyə 180 milyard manat yönəldilib

Neft Fondundan büdcəyə 180 milyard manat yönəldilib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin 30 sentyabr tarixinə ümumi 180,041 milyard manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.

Gundelik.az xəbər verir ki, bu barədə Dövlət Neft Fondu məlumat yayıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Fondun büdcə xərcləri 9 milyard 681,2 milyon manat təşkil edib. Bunun 9 milyard 628 milyon manatı dövlət büdcəsinə transfert edilib.

Əlavə edək ki, ARDNF-nin aktivləri 2026-cı il sentyabrın 30-na 74 milyard ABŞ dolları və ya 125,8 milyard manat təşkil edib.

Məlumata görə, Fondun aktivləri 2026-cı ilin əvvəli ilə müqayisədə 462 milyon ABŞ dolları və ya 786 milyon manat artıb. Belə ki, ilin əvvəlində ARDNF-nin aktivləri 73,5 milyard dollar (125 milyard manat) olub.

Hesabat dövründə Fondun ümumi gəlirləri 12 milyard 341,3 milyon manat təşkil edib. Bunun 8 milyard 740,6 milyon manatı neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirlərin, 3 milyard 600,7 milyon manatı isə vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlərin payına düşüb.

Neft-qaz layihələri üzrə gəlirlərin əsas hissəsi mənfəət neftinin və qazın satışından formalaşıb. Bu mənbə üzrə daxilolmalar 7 milyard 343,9 milyon manat təşkil edib. Bonus ödənişləri və tranzit gəlirləri 900 min manat, akrhesabı ödənişlər isə 4,9 milyon manat olub. Bundan əlavə, “Cənub Qaz Dəhlizi” QSC-də dövlətə məxsus payın satışından 1 milyard 390,9 milyon manat daxil olub.

Dövlət Neft Fondunun məlumatına əsasən, hesabat dövründə Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 6 milyard 570,6 milyon manat, “Şahdəniz” yatağından isə qaz və kondensat satışından 565,1 milyon manat vəsait daxil olub.

Eyni zamanda, Fond davam edən dövlət proqramlarının və layihələrin maliyyələşdirilməsinə 27,7 milyon manat yönəldib. Bu vəsaitin 3,6 milyon manatı 2019–2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramına, 21,9 milyon manatı 2022–2028-ci illər üçün gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına dair Dövlət Proqramına, 2,2 milyon manatı isə beynəlxalq ikili diplom proqramlarına ayrılıb.

Hesabat dövründə ARDNF-nin idarəetmə xərcləri 25,5 milyon manat təşkil edib. Bununla yanaşı, qızılın qiymətinin və valyuta məzənnələrinin dəyişməsi nəticəsində 1 milyard 874 milyon manat məbləğində büdcədənkənar xərc yaranıb.

ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.