Nuhun gəmisinin axtarışları zamanı görün nə tapdılar
Müstəqil tədqiqat təşkilatı Noah's Ark Scans-ın nümayəndələri Nuhun gəmisinin axtarıldığı ərazidə ağac parçaları aşkar etdiklərini bildiriblər.
Gundelik.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Noyabrın 1-də yayılan məlumata görə, Türkiyədəki Durupınar formasiyasında aparılan qazıntılar zamanı kömürləşmiş ağac nümunələri tapılıb. Noah's Ark Scans komandası nümunələrin təxminən 9 metr dərinlikdən çıxarıldığını iddia edir. Hazırda onlar radiokarbon üsulu ilə yaşlarının müəyyən edilməsi üçün laboratoriyaya göndərilib.
Layihənin rəhbəri Endryu Cons bildirib:
“Tapıntıların yaşını və əhəmiyyətini müəyyən etmək üçün hələ laboratoriya tədqiqatları tələb olunsa da, bu hadisə axtarışlarımızda yeni və həyəcanverici bir mərhələnin başlanğıcını qoyur”.
Onun sözlərinə görə, əvvəllər bu formasiya yalnız təbii geoloji quruluş hesab olunurdu və burada ağac parçaları aşkar edilməmişdi. Bununla belə, Cons əlavə edib ki, tapılan ağaclar qədim dövrlərdə ərazidə məskunlaşmış və tonqal qalayan çobanların yaşayış yerinin qalıqları da ola bilər.
Noah's Ark Scans-ın fəaliyyətini tənqid edənlər isə təşkilatın tədqiqatlar başlamazdan əvvəl də sensasiyalı açıqlamalar verdiyini xatırladıblar. Onlar bildiriblər ki, bu iddialar nüfuzlu elmi jurnallarda dərc olunaraq təsdiqlənməyib.
Daha əvvəl Antropogenez.ru portalının baş redaktoru və elmin populyarlaşdırıcısı Aleksandr Sokolov Türkiyədə Nuhun gəmisinin aşkar edilməsi iddiasına şübhə ilə yanaşmışdı. O, xüsusilə qeyd etmişdi ki, formanı tədqiq edən mütəxəssislərin əksəriyyəti onun təbii geoloji quruluş olduğu qənaətindədir.
Nuri
Gundelik.az