Marsdan gələn 4,1 milyard illik meteorit tapıldı: Alimləri heyrətləndirən kəşf!
2022-ci ildə Malinin Sahara səhrasında tapılan çəhrayımtıl meteoritin təxminən 4,1 milyard il yaşı olan Mars parçası olduğu müəyyən edilib.
Gundelik.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Təxminən 800 qram ağırlığında olan obyekt, aşkar edildiyi duzlu düzənliyin şərəfinə Teghaza 001 adlandırılıb. NASA-nın araşdırmasına görə, bu meteorit Mars mənşəli olduğu məlum olan təxminən 435 fraqmentdən biridir və Yer üzündə indiyədək tapılmış ən qədim üç nümunədən biri hesab olunur.
Alimlər müəyyən ediblər ki, süxurun tərkibində sirkon kristalları da daxil olmaqla, unikal vulkanik minerallar qarışığı var. Bu minerallar Marsın cənub yarımkürəsində fəaliyyət göstərən Mars Reconnaissance Orbiter orbital aparatının əldə etdiyi məlumatlarla uyğunluq təşkil edir.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyasından tədqiqatın aparıcı müəllifi Yan Liu bildirib:
“Nümunəni diqqətlə araşdırmağa başlayana qədər onun həqiqətən unikal olduğunu anlamamışdıq”.
Elmi məqalənin rəyçilərindən biri bu tapıntını planetin tarixini anlamaq üçün “Rozetta daşı” adlandırıb.
Təhlillər göstərib ki, süxur 4,1 milyard il əvvəl suyun təsirinə məruz qalıb. Bununla belə, onun özünün daha əvvəl formalaşmış olması mümkündür.
Bu məlumatlar Marsın ilkin iqlimində su dövranının əvvəllər düşünüldüyündən daha dinamik olduğunu göstərir.
Məqalənin digər müəllifi Li Seyperin sözlərinə görə, nümunə “su ilə süxurların qarşılıqlı təsirini və bəlkə də həmin dövrdə rütubətini itirən atmosferin izlərini qeydə alır”.
Tədqiqatçılar bildirirlər ki, bu qeyri-adi meteoritin daha dərindən öyrənilməsi hələ qarşıdadır.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin Texas ştatında meteoritin yaşayış evinin damını deşərək yataq otağının döşəməsinə düşdüyü barədə məlumat yayılmışdı.
Nuri
Gundelik.az