İran nüvə təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib
ABŞ ilə hərbi gərginliyin artdığı və regionda yeni müharibə ehtimalının müzakirə olunduğu bir vaxtda İran hökuməti mümkün nüvə partlayışı və radiasiya təhlükəsinə qarşı vətəndaşlarına rəsmi xəbərdarlıq edib.
Gundelik.az xəbər verir ki, Tehranın əhaliyə təcili davranış qaydalarını açıqlaması bölgədə nüvə qarşıdurması ilə bağlı narahatlıqları artırıb.
İran Qızıl Aypara Cəmiyyəti və dövlət mediası tərəfindən yayımlanan təlimatlarda vətəndaşlara partlayış zamanı dərhal möhkəm binalara sığınmaq, qapı və pəncərələri kip bağlamaq, havalandırma sistemlərini söndürmək və ən azı 24 saat qapalı məkanda qalmaq tövsiyə olunur.
Dövlət televiziyasında yayımlanan xəbərdarlıqlarda partlayışın parlaq işığına baxmamaq, üzüüstə uzanaraq baş və üz nahiyəsini qorumaq, şok dalğası keçdikdən sonra isə dərhal ən yaxın binaya daxil olmaq tapşırılır.
Təlimatlarda qeyd olunur ki, binada yanğın və ya uçma təhlükəsi yaranarsa, daha təhlükəsiz başqa bir binaya keçmək lazımdır.
Həmçinin vurğulanır ki, 24 saatlıq müddət başa çatsa belə, rəsmi qurumların xüsusi açıqlaması olmadan ətraf mühitin təhlükəsiz olduğunu düşünərək çölə çıxmaq olmaz.