Gələn il işğaldan azad edilmiş ərazilər üçün bu qədər vəsait ayrılacaq
2027-ci ildə işğaldan azad edilmiş ərazilərə ayrılacaq vəsaitin həcmi məlum olub.
Gundelik.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə tikilən yaşayış evlərinə köçürülmüş ailələrin kommunal xidmətlərdən istifadəsi, həmçinin həmin ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət sektorunun müəyyən kateqoriyaları və Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsi hesabına subsidiyalaşdırılması üçün 22 milyon manat ayrılması planlaşdırılır.
Subsidiyalar maliyyə və avtomobil nəqliyyatı ilə yükdaşıma sahələrində çalışanlar, eləcə də dövlət büdcəsi hesabına mal, iş və xidmət təqdim edən podratçılar istisna olmaqla, neft-qaz sektorunda fəaliyyət göstərməyən sığortaedən və sığortaolunanları əhatə edəcək. İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti həyata keçirən rezident podratçılar isə qeyd olunan istisnaya daxil deyil.
Ümumilikdə, 2027-ci ilin dövlət büdcəsində bütün xərc bölmələri üzrə işğaldan azad olunmuş ərazilərin bərpasına, yenidən qurulmasına və digər müvafiq tədbirlərin həyata keçirilməsinə 3 milyard 422 milyon manat vəsait yönəldilməsi nəzərdə tutulur.