Wi-Fi tez-tez kəsilir? Mütəxəssislər problemin əsas səbəblərini açıqladı!
Ağıllı ev cihazları Wi-Fi şəbəkəsindən zəif siqnal və ya uyğun olmayan şəbəkə parametrləri səbəbindən ayrıla bilər.
Gundelik.az xəbər verir ki, bu barədə "Engadget" nəşri məlumat yayıb.
Problemin yaranma səbəblərini və həlli yollarını nəşrin jurnalisti Rocer Finqas açıqlayıb.
Onun sözlərinə görə, əsas səbəblərdən biri cihazla Wi-Fi router arasındakı məsafənin çox olmasıdır. Siqnalın əhatə dairəsinin sərhədində internet bağlantısı qeyri-sabit olur.
Cihaz mütəmadi olaraq Wi-Fi şəbəkəsindən ayrılırsa, mütəxəssis onun yerləşdiyi yerdə siqnalın keyfiyyətini yoxlamağı tövsiyə edir. Bunun üçün problem yaradan cihazı müvəqqəti olaraq routerə yaxınlaşdırmaq olar. Əgər bağlantı yaxşılaşarsa, cihazın və ya routerin yerini dəyişmək məsləhətdir.
Problemin digər mümkün səbəbi simsiz şəbəkənin parametrləridir. Bir çox ucuz ağıllı ev cihazı yalnız 2,4 GHz tezlik diapazonunu dəstəkləyir. Lakin istifadəçinin həmin cihazı quraşdırmaq üçün istifadə etdiyi smartfon 5 GHz şəbəkəsinə qoşulmuş ola bilər. Bu halda mobil tətbiq yeni cihazı aşkar etməyə bilər.
Routerə həddindən artıq çox cihazın qoşulması da problemlərə səbəb ola bilər. Belə olduqda router yaranan yükün öhdəsindən gələ bilmir.
Yeni router almamışdan əvvəl siqnalın gücünü və şəbəkə parametrlərini yoxlamaq, həmçinin istifadə olunmayan cihazları şəbəkədən ayırmaq tövsiyə olunur.
Böyük evlər üçün isə mesh sistemindən istifadə etmək məsləhət görülür. Bu sistem bir neçə cihazın birlikdə işləməsi hesabına Wi-Fi əhatə dairəsini genişləndirir.
Qeyd edək ki, oktyabrın sonunda Ti Spiego Come Fare portalının müəllifləri də evdə Wi-Fi siqnalını gücləndirməyin yolları barədə məlumat vermişdilər. Onların sözlərinə görə, bunun üçün siqnal gücləndiricisindən (repeater) və ya mesh sistemindən istifadə etmək olar. Repeater routerdən gələn siqnalı qəbul edərək daha uzaq məsafəyə ötürür, mesh sistemi isə evdəki simsiz şəbəkənin əhatə dairəsini genişləndirir.
Nuri
Gundelik.az