Bir dəfə istifadə belə təhlükəlidir: Elektron siqaretlərlə bağlı qorxunc araşdırma!

Bir dəfə istifadə belə təhlükəlidir: Elektron siqaretlərlə bağlı qorxunc araşdırma!

Cəmi bir dəfə istifadə etmək kifayətdir...

Adi siqaretlə müqayisədə daha az zərərli olduğu düşünülərək seçilən qızdırılan tütün məhsulları ilə bağlı diqqətçəkən araşdırma dərc olunub. Alman alimləri cəmi 8–12 dəqiqə davam edən bir istifadədən sonra qan damarlarının fəaliyyətinin zəiflədiyini və arterial təzyiqin yüksəldiyini müəyyən ediblər. Araşdırma zamanı qan hüceyrələrində DNT zədələnməsinə işarə edən əlamətlər də aşkarlanıb.

Gundelik.az xəbər verir ki, "European Journal of Preventive Cardiology" jurnalında dərc olunan araşdırmada ümumi sağlamlıq vəziyyəti yaxşı olan 30 siqaret istifadəçisi iştirak edib.

Tədqiqatçılar iştirakçıların cəmi iki ədəd qızdırılan tütün çubuğunu 8–12 dəqiqə ərzində istifadə etməsindən sonra orqanizmlərində baş verən dəyişiklikləri ölçüblər.

Əldə olunan nəticələr qızdırılan tütün məhsullarının hətta qısamüddətli istifadəsinin belə ürək-damar sağlamlığına təsir göstərə biləcəyini ortaya qoyub.

QAN DAMARLARININ FƏALİYYƏTİ 11 FAİZ AZALDI

Araşdırma zamanı qızdırılan tütün istifadəsindən sonra qan damarlarının fəaliyyətində 11 faiz azalma müşahidə olunub. Böyük qan təzyiqi kimi tanınan sistolik arterial təzyiq isə təxminən 3 vahid artıb.

Alimlər, həmçinin qan hüceyrələrində DNT zədələnməsinə işarə edən əlamətlər aşkar ediblər.

Tədqiqatın rəhbəri bildirib ki, nəticələr qızdırılan tütün məhsullarının ənənəvi siqaretlərlə müqayisədə ürək-damar sistemi üçün xeyli az zərərli olması barədə iddiaları şübhə altına alır.

SİQARETLƏR KİMİ TƏNZİMLƏNMƏSİ TƏKLİF OLUNDU

Tədqiqatçılar qızdırılan tütün məhsullarının da adi siqaretlər kimi tənzimlənməsinin vacibliyini vurğulayıblar.

Xüsusilə gəncləri nikotin asılılığından qorumaq üçün reklam və aromatlaşdırılmış məhsullara məhdudiyyətlər qoyulmasının zəruri olduğu bildirilib.

Qeyd: Araşdırmada qızdırılan tütün məhsulları, yəni tütünü yandırmadan qızdıran cihazlar (məsələn, IQOS tipli məhsullar) araşdırılıb. Bu nəticələri bütün elektron siqaretlərə avtomatik şamil etmək olmaz.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.