Repetitorluğu dəbə salan reallıqlar: Şagirdlər məktəbdən niyə uzaqlaşırlar?

Repetitorluğu dəbə salan reallıqlar: Şagirdlər məktəbdən niyə uzaqlaşırlar?

Son illərdə şagirdlərin məktəbdən daha çox repetitor hazırlığına üstünlük verməsi birmənalı qarşılanmır. Hətta bəzi uşaqlar ibtidai təhsilə başlamazdan əvvəl fərdi hazırlıq dərslərinə cəlb olunurlar. Bəs repetitor xidmətlərinə marağın artmasının səbəbi nədir?

Gundelik.az xəbər verir ki, təhsil eksperti İlqar Orucov mövzu ilə bağlı Oxu.Az-a danışıb.

Repetitorluğu dəbə salan reallıqlar: Şagirdlər məktəbdən niyə uzaqlaşırlar?

Ekspert bildirib ki, repetitorluq xidmətlərinin ibtidai sinif səviyyəsinə qədər genişlənməsi, yuxarı siniflərdə isə ümumi təhsil prosesini demək olar ki, tamamilə əvəz etməsi müasir təhsil sisteminin və cəmiyyətin qarşılaşdığı mühüm problemlərdən biridir.

O qeyd edib ki, repetitorluğa tələbatın ibtidai siniflərdən başlamasının və yuxarı siniflərdə şagirdlərin məktəbdən kütləvi şəkildə uzaqlaşmasının bir neçə əsas səbəbi var:

"Birincisi, ümumi təhsil məktəblərində istifadə olunan dərsliklərin dili, məzmunu və məktəbdaxili qiymətləndirmə standartları ilə Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanlarında tələb etdiyi meyarlar arasında fərq mövcuddur.

İkincisi, ailələrdə məktəbdəki tədris prosesinin imtahan tələblərini tam qarşılamadığı barədə fikir formalaşıb. Üçüncü səbəb isə bəzi dövlət məktəblərində şagird sıxlığının olmasıdır. Bu da müəllimlərin hər bir şagirdə fərdi yanaşmasına və kifayət qədər vaxt ayırmasına mane olur.

Nəticədə valideynlər ibtidai siniflərdən etibarən uşaqlarını gələcək rəqabət mühitinə hazırlamaq, yuxarı siniflərdə isə imtahan testlərinin həll qaydalarını mənimsətmək üçün repetitor xidmətlərini zəruri və daha səmərəli seçim kimi görürlər.

Bu vəziyyətin cəmiyyət və təhsil sistemi üçün bir sıra mənfi nəticələri var. Əsas fəsadlardan biri təhsil ocaqlarının sosiallaşma və mənəvi-tərbiyəvi institut kimi rolunun zəifləməsidir. Yuxarı siniflərdə məktəb təhsilindən uzaqlaşaraq yalnız fərdi test hazırlığına fokuslanan şagirdlər cəmiyyətə inteqrasiya və komanda ilə işləmək kimi mühüm bacarıqları lazımi səviyyədə inkişaf etdirə bilmirlər. Bundan əlavə, repetitor xidmətlərinin xərcləri ailə büdcəsinə ciddi yük yaradır".

İlqar Orucov problemin həlli yollarından da danışıb. O bildirib ki, əsas məqsəd inzibati qadağalar tətbiq etmək deyil, ümumi təhsil məktəblərinin rəqabət qabiliyyətini artırmaq olmalıdır:

"Problemin elmi-pedaqoji əsaslara söykənən dayanıqlı həlli ümumi təhsil məktəblərinin keyfiyyətini yüksəltməkdən keçir. İlk növbədə, tədris proqramlarının məzmunu dövlət imtahanlarının formatı və tələbləri ilə uzlaşdırılmalı, vahid standartlar müəyyənləşdirilməlidir.

Məktəblərdə buraxılış və qəbul imtahanlarının tələblərinə cavab verən, dövlət tərəfindən dəstəklənən ödənişsiz məşğələlər və hibrid onlayn təhsil platformaları genişləndirilməlidir. Ailə-məktəb münasibətlərində rəqəmsal gündəliklər və davamiyyət bildirişləri kimi elektron əlaqə vasitələrindən istifadə edilməklə məsuliyyət boşluqları aradan qaldırılmalı, şagirdlərin dərsə davamiyyətinə nəzarət gücləndirilməlidir.

Məktəbdaxili idarəetmə və pedaqoji keyfiyyət yaxşılaşdırıldıqda, repetitor xidmətlərinə tələbat da təbii şəkildə azalacaq".

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.