Pentaqonun məxfi sənədlərində yadplanetlilərin qalıqları ilə bağlı hesabat tapıldı

Pentaqonun məxfi sənədlərində yadplanetlilərin qalıqları ilə bağlı hesabat tapıldı

“Mən gördüyüm obyektin kosmosdan gəlmiş bir növ uçuş aparatı, gördüyüm varlıqların isə onun heyəti olduğuna əminəm”

Pentaqonun naməlum uçan obyektlərlə (UNO) bağlı məxfiliyi aradan qaldırılmış sənədlərinin növbəti toplusunda 1947-ci ildə qəzaya uğradığı iddia edilən kosmik gəminin qalıqları və yadplanetlilərlə bağlı hesabat aşkarlanıb.

Gundelik.az xəbər verir ki, bu barədə "NewsNation" nəşri yazıb.

Məxfi sənədlərin yeddinci bölməsində ABŞ-nin Rosuell hərbi bazasının keçmiş ictimaiyyətlə əlaqələr üzrə zabiti Uolter Hautun ifadələri aşkar edilib. O, 1947-ci ildə həmin bazada xidmət edib və guya bazanın yaxınlığında yadplanetlilərə məxsus uçan boşqabın qəzaya uğraması ilə əlaqələndirilən, sonradan meteoroloji zond olduğu bildirilən Rosuell hadisəsinin şahidi olub.

Məhz Haut hərbi bazanın rəhbərliyi adından hərbçilərin uçan disk aşkar etdiyini bildirən ilk rəsmi açıqlamanı yayıb. Sonradan bu bəyanat geri götürülsə də, həmin hadisə bu günədək yadplanetlilərlə bağlı yüzlərlə konspirasiya nəzəriyyəsinin əsasını təşkil edir.

Oktyabrın 23-də dərc olunan sənədlərdən məlum olur ki, Haut 2002-ci ildə and içərək verdiyi ifadəsində Rosuell bazasında brezentlə örtülmüş yumurta formasında obyekt və iki yadplanetlinin qalıqlarını gördüyünü bildirib.

Keçmiş hərbçinin sözlərinə görə, həmin varlıqların ölçüsü uşaq boyda olsa da, başları qeyri-mütənasib dərəcədə böyük olub.

“Mən gördüyüm obyektin kosmosdan gəlmiş bir növ uçuş aparatı, gördüyüm varlıqların isə onun heyəti olduğuna əminəm”, -deyə Haut bildirib.

Bununla belə, dərc olunan sənəddə Hautun adı gizlədilib. Lakin ifadələrin 2007-ci ildə Donald Şmitt və Tom Keri tərəfindən yazılmış Witness to Roswell: Unmasking the Government’s Biggest Cover-Up (“Rosuellin şahidi: Hökumətin gizlətdiyi ən böyük sirrin ifşası”) kitabında yer alan keçmiş hərbçinin hekayəsi ilə tam uyğun gəldiyi qeyd olunur.

Hautun ifadələri ilk dəfə Pentaqonun rəsmi sənədi şəklində dərc edilib.

Xatırladaq ki, daha əvvəl Pentaqonun UNO-ların araşdırılması proqramının keçmiş rəhbəri Cey Stratton 1947-ci ildə ABŞ-da yadplanetlilərin qalıqlarının aşkar edildiyini təsdiqlədiyini bildirib.

Stratton həmçinin iddia edib ki, insan olmayan varlıqlarla və onların texnologiyaları ilə qarşılaşma UNO-ların tədqiqi proqramında iştirak edən bəzi əməkdaşlarda psixi pozuntulara səbəb olub.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.