İlon Maskın uçan avtomobili saxta çıxdı? Təqdimat şübhələrə səbəb oldu

İlon Maskın uçan avtomobili saxta çıxdı? Təqdimat şübhələrə səbəb oldu

“Gözəl təqdimatdır, amma praktik baxımdan tamamilə yararsızdır”

Müşahidəçilər milyarder İlon Maskın təşkil etdiyi Tesla Roadster uçan avtomobilinin təqdimatını saxta adlandırıblar.

Gundelik.az xəbər verir ki, bu barədə "Futurism" nəşri məlumat yayıb.

Oktyabrın ortalarında Tesla yerdən havaya qalxa bilən yeni elektrikli Roadster modelini təqdim edib. Təqdimat zamanı idman avtomobili şaquli şəkildə havaya qalxıb, çevriliş edib və yenidən təkərləri üzərində yerə enib.

Açıqlanan texniki xüsusiyyətlərə görə, Rocket versiyası 600 litr sıxılmış hava tutumuna malik rezervuarlar, müxtəlif istiqamətlərə yönəlmiş 10 ucluq və avtomobilin alt hissəsində yerləşən güclü ventilyatorla təchiz olunub.

Məlumata görə, bu avadanlıqları yerləşdirmək üçün avtomobilin salonundakı sərnişin oturacaqlarını çıxarmaq lazım gəlib. Təqdimatdan sonra müşahidəçilər ehtimal ediblər ki, çəkini azaltmaq və yerə qənaət etmək məqsədilə Tesla mühəndisləri tam ölçülü akkumulyatordan da imtina etmiş ola bilərlər. Bu isə avtomobili adi yollarda istifadə üçün yararsız vəziyyətə gətirə bilər.

Avtomobilin havada olduğu zaman alt hissəsini göstərən bəzi kadrlarda ventilyatorun görünməməsi də şübhələrə səbəb olub. Bu, müxtəlif fəndlər üçün fərqli təchizata malik avtomobillərdən istifadə edildiyi ehtimalını yaradıb. Belə ki, təkərləri yuxarı vəziyyətdə rampa səthinə yapışaraq hərəkət edən avtomobil digər avtomobillərin üzərindən tullanmış modeldən fərqli təchizata malik ola bilər.

Süni intellekt sahəsinin tanınmış mütəxəssislərindən biri olan Yan Lekun X sosial şəbəkəsində təqdimatı tənqid edib.

“Avtomobilin kütləsinin 50 faizinin sıxılmış havadan ibarət olduğunu fərz etsək belə, dartı qüvvəsinin çəkiyə nisbəti 1-dən çox olduqda bu, 10 saniyədən az faydalı dartı qüvvəsi deməkdir. Əslində, bu müddət, yəqin ki, beş saniyəyə daha yaxındır”, — deyə o yazıb.

Lekunun fikrincə, bu halda avtomobil böyük sıxılmış hava balonları ilə təchiz edilmiş, içərisi boş və yüngülləşdirilmiş korpusdan ibarət olmalıdır.

“Gözəl təqdimatdır, amma praktik baxımdan tamamilə yararsızdır”, - deyə o fikrini yekunlaşdırıb.

Xatırladaq ki, İlon Mask daha əvvəl sıxılmış hava ilə işləyən xüsusi mühərrikə malik bu avtomobilin saatda 100 kilometr sürətə bir saniyədən az müddətdə çata biləcəyini iddia etmişdi. Tesla Roadster modelinin istehsalına 2028-ci ildə başlanması planlaşdırılır.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.