İşdən çıxdı: İndi 4 hektarlıq təsərrüfatı var

İşdən çıxdı: İndi 4 hektarlıq təsərrüfatı var

Uşaqlar çiyələyi birbaşa koldan dərirlər

İstanbulda 10 il turizm sektorunda çalışan 40 yaşlı Müge Kızılırmak karyerasını geridə qoyaraq Bodrumda fermerliyə başlayıb. 4 hektar ərazidə zəfərandan çiyələyədək müxtəlif məhsullar yetişdirən sahibkar uşaqlara kənd təsərrüfatı üzrə təlimlər keçir, turistləri təsərrüfatında qəbul edir.

Gundelik.az xəbər verir ki, onun layihəsi Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən mükafata layiq görülüb.

10 illik karyerasını buraxaraq Bodruma köçdü

Ailəli və bir uşaq anası olan Müge Kızılırmak təxminən 10 il əvvəl İstanbuldan Bodruma köçüb. Bir müddət burada restoran işlədən sahibkar mətbəxində istifadə etdiyi təzə və təbii məhsullara olan ehtiyac səbəbindən kənd təsərrüfatına maraq göstərməyə başlayıb.

Torpağa marağı artdıqca restoran biznesindən də imtina edən Kızılırmak bütün vaxtını əkinçiliyə həsr etmək qərarına gəlib. Təxminən 6 il əvvəl Bodrumun Ortakent məhəlləsində 4 hektarlıq ərazidə öz təsərrüfatını qurub.

Zəfərandan çiyələyədək müxtəlif məhsullar yetişdirir

Müge Kızılırmak təsərrüfatında zəfəran, kəklikotu, çiyələk, ənginar, zeytun, pomidor və badımcan da daxil olmaqla çoxsaylı məhsullar yetişdirir.

Onun sözlərinə görə, istehsal zamanı kimyəvi dərmanlardan istifadə etmirlər. Xüsusilə çiyələk və zəfəran becərilməsinə diqqət yetirirlər. Yetişdirilən məhsullar yalnız satışa çıxarılmır, həm də müxtəlif emal proseslərindən keçirilərək yeni məhsullara çevrilir.

Sahibkar aromaterapiya, fitoterapiya və təbii kosmetika sahələrində də təlimlər keçir. Bununla istehsal olunan məhsulların dəyərini artırmağa çalışır.

Uşaqlar çiyələyi birbaşa koldan dərirlər

Kızılırmakın təsərrüfatı kənd təsərrüfatı fəaliyyəti ilə yanaşı, maarifləndirici layihələri ilə də diqqət çəkir. Bodrumdakı məktəblərlə əməkdaşlıq edən sahibkar 4 yaşından etibarən uşaqlara praktiki əkinçilik təlimləri verir.

Təsərrüfata gələn uşaqlar torpağa toxunur, meyvə və tərəvəzlərin necə yetişdirildiyini öyrənirlər. Ziyarətçilər isə öz səbətlərinə məhsulları birbaşa bitkidən yığaraq ala bilirlər.

Kızılırmak bu yanaşmanı belə izah edib:

“İstəyirik ki, uşaqlar nə yediklərini birbaşa bitkinin üzərində görsünlər. Əlbəttə, valideynlər də hər şeyi yerində görsünlər. Uşaqların torpağa toxunmasını istəyirik”.

Kənd təsərrüfatı sahəsindəki layihəsi mükafatlandırıldı

Müge Kızılırmakın fəaliyyəti ona mühüm uğur qazandırıb. Sahibkarın hazırladığı layihə 15 oktyabr — Ümumdünya Qadın Fermerlər Günü münasibətilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən mükafata layiq görülüb.

Xüsusilə zəfəran istehsalı ilə seçilən Kızılırmak bu mükafatın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirib.

“Biz sadəcə fermer deyilik, əslində gələcəyi yetişdiririk. Eyni zamanda gələcəyin istehsalçılarını və istehlakçılarını da yetişdiririk”, - deyə o vurğulayıb.

Təsərrüfatda mövsümə görə 50 nəfər çalışır

Kızılırmakın sözlərinə görə, kimyəvi dərmanlardan istifadə etmədən istehsal aparmaq daha çox insan əməyini tələb edir. Buna görə də təsərrüfatda çalışanların sayı mövsümdən və işin həcmindən asılı olaraq dəyişir.

Bəzi dövrlərdə cəmi 2 nəfərin çalışdığı təsərrüfatda intensiv istehsal zamanı işçilərin sayı 50-yə çatır. Zeytun yığımı, çiyələk əkini və ənginar yetişdirilməsi üçün ayrı-ayrı işçi qrupları fəaliyyət göstərir.

Məhsullarını xarici ölkələrə də göndərir

İstanbulda qazandığı turizm təcrübəsini kənd təsərrüfatı ilə birləşdirən Kızılırmak təsərrüfatında yerli və xarici turistləri qəbul edir. Ziyarətçilər məhsulları birbaşa bitkidən yığmaq imkanı əldə edirlər.

İxrac məsləhətçiliyi ilə də məşğul olan sahibkar həm öz məhsullarının, həm də digər istehsalçıların məhsullarının xarici bazarlara çıxarılmasına kömək edir.

Bodrum Rayon Kənd Təsərrüfatı və Meşəçilik İdarəsinin rəhbəri Muammer Bektaş da sahibkarın uğurunu yüksək qiymətləndirib:

“Bodrumda belə bir fermerimizin olması və onun Türkiyə miqyasında mükafat qazanması bizim üçün də qürurvericidir”.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.