Pentaqonun məxfilikdən çıxarılmış fayllarında canavaradama dair hesabat aşkarlanıb
Sirli heyvana aid olduğu ehtimal edilən bir topa tük hasarın üzərində qalıb və sakinlər tərəfindən BAASS mütəxəssislərinə təhvil verilib
Pentaqonun məxfilikdən çıxarılmış fayllarının növbəti partiyasında ABŞ-nin Yuta ştatında yaşayan sirli canavaradama dair hesabat aşkarlanıb.
Gundelik.az xəbər verir ki, bu barədə VT.co yazır.
ABŞ-nin müdafiə qurumunun tapşırığı ilə araşdırma 2010-cu ildə hazırda fəaliyyətini dayandırmış Bigelow Aerospace Advanced Space Studies (BAASS) adlı özəl aerokosmik şirkət tərəfindən aparılıb. Hərbçilərin diqqətini Fort-Düşen yaşayış məntəqəsinin sakinlərinin Skinuoker ferması ərazisində tüklərlə örtülmüş qəribə bir məxluqun görüldüyü barədə məlumatları cəlb edib.
Aralarında polis əməkdaşlarının da olduğu 25 şahid hesabatda canavaradam adlandırılan məxluqun təxminən 1,8 metr boyunda olduğunu və çəkisinin 110 kiloqramdan çox ola biləcəyini bildirib. Onun qısa, qara-boz tükləri, sivri qulaqları və qısa quyruğu olub. Başının forması alman çoban itinin başını xatırlatsa da, burnu insan burnuna bənzəyib. İddialara görə, məxluq yüksək sürətlə tullanaraq hərəkət edirmiş. Təsvir edilən hadisələrdən birində o, tikanlı məftildən hazırlanmış hasara çırpılıb və bundan sonra qeyri-adi bir ulartı səsi çıxarıb.
Sirli heyvana aid olduğu ehtimal edilən bir topa tük hasarın üzərində qalıb və sakinlər tərəfindən BAASS mütəxəssislərinə təhvil verilib. Şirkətin əməkdaşları tüklərin DNT analizini apararaq onların yerli itlərdən birinə aid olduğu qənaətinə gəliblər. Bununla belə, mütəxəssislər qeyd ediblər ki, bu nəticə yalnız həmin tük topasının mənşəyini müəyyən edir və “canavaradam”ın əslində it olduğunu sübut etmir. Pentaqon bu hadisə ilə bağlı rəsmi nəticə açıqlamayıb.
Bundan əlavə, Fort-Düşen ətrafında yaşayan sakinlər BAASS nümayəndələrinə bölgədə alov toplarının və balaca insanabənzər varlıqların peyda olduğunu, hətta hündürlüyü 12 metr olan “başqa dünyaya portalın” açıldığını da danışıblar. Bu hadisələrlə bağlı da heç bir nəticə çıxarılmayıb.
Daha əvvəl Meksikanın Çihuahua ştatının sakinlərinin sirli ağ yırtıcının peyda olması barədə məlumat verdikləri bildirilmişdi. İddialara görə, həmin məxluq fermerlərin toyuqlarını və dovşanlarını oğurlamağa başlayıb. Paranormal hadisələri araşdıran tədqiqatçılar isə bu məxluqun şəklini çəkdiklərini iddia edirlər.
Nuri
Gundelik.az