Kosmetoloq Zema Əhmədova: “Dərinin sağlamlığı onun qatlarının düzgün fəaliyyətindən asılıdır”

Kosmetoloq Zema Əhmədova: “Dərinin sağlamlığı onun qatlarının düzgün fəaliyyətindən asılıdır”

“Dərinin rəngini müəyyən edən əsas amillərdən biri melanindir”

Dərinin anatomiyasını və fiziologiyasını bilmək sağlam dəriyə qulluq, piqmentasiya problemlərinin qarşısının alınması və kosmetoloji prosedurların düzgün seçilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Epidermis dərinin ən üst təbəqəsi olmaqla orqanizmi xarici təsirlərdən qoruyur, melanin isə dərinin rənginin formalaşmasında və ultrabənövşəyi şüaların təsirindən müdafiəsində iştirak edir.

Kosmetoloq Zema Əhmədova Gundelik.az-a açıqlamasında epidermisin təbəqələri, melanin istehsalı və dəri sağlamlığının qorunması barədə danışıb.

Mütəxəssis bildirib ki, epidermis beş əsas təbəqədən ibarətdir: buynuzlu təbəqə, şəffaf təbəqə, dənəli təbəqə, tikanlı təbəqə və bazal təbəqə.

“Bu təbəqələrin hər biri dərinin qorunması və yenilənməsi prosesində özünəməxsus rol oynayır. Dərinin hər bir təbəqəsi müəyyən funksiyanı yerinə yetirir. Xüsusilə buynuzlu təbəqə dərinin qoruyucu baryerinin saxlanılmasında mühüm əhəmiyyət daşıyır. Bu baryer zəiflədikdə dəridə quruluq, həssaslıq və qıcıqlanma kimi problemlər yarana bilər. Buna görə də dəriyə qulluq zamanı onun təbii müdafiə mexanizmlərini qorumaq vacibdir”, deyə o vurğulayıb.

Zema Əhmədovanın sözlərinə görə, dərinin rəngini müəyyən edən əsas amillərdən biri melanindir:

“Bu piqment epidermisin bazal təbəqəsində yerləşən melanosit hüceyrələrində istehsal olunur. Melanin daha sonra keratinositlərə ötürülür və dərinin rənginin formalaşmasında iştirak edir. Melanin dərinin təbii piqmentidir və onun əsas funksiyalarından biri ultrabənövşəyi şüaların təsirindən qorunmağa kömək etməkdir. Lakin melanin istehsalının artması və ya dəridə qeyri-bərabər paylanması nəticəsində tünd ləkələr və hiperpiqmentasiya yarana bilər. Günəş şüaları, hormonal dəyişikliklər və dəridə baş verən iltihabi proseslər bu vəziyyətə təsir göstərə bilər”.

Kosmetoloq hesab edir ki, piqmentasiya problemləri ilə mübarizədə ilk növbədə onların yaranma səbəbinin müəyyənləşdirilməsi vacibdir.

“Dəriyə uyğun qulluq vasitələrinin seçilməsi, günəşdən qoruyucu məhsullardan istifadə və kosmetoloji prosedurların peşəkar şəkildə aparılması sağlam dərinin qorunmasına kömək edir. Hər bir insanın dərisi fərdi xüsusiyyətlərə malikdir. Buna görə də eyni qulluq vasitəsi və ya prosedur hər kəsdə eyni nəticəni verməyə bilər. Dərinin vəziyyətini düzgün qiymətləndirmək, uyğun vasitələr seçmək və günəşdən qorunmağa xüsusi diqqət yetirmək lazımdır. Piqmentasiya uzun müddət davam edirsə və ya dəyişikliklər müşahidə olunursa, dermatoloqa müraciət etmək məqsədəuyğundur. Dəriyə qulluq yalnız estetik görünüşün yaxşılaşdırılması ilə məhdudlaşmamalıdır. Dərinin qoruyucu baryerinin saxlanılması, düzgün gigiyena, uyğun kosmetik vasitələrdən istifadə və günəşdən müdafiə sağlam dəri üçün əsas şərtlərdəndir”, - deyə mütəxəssis qeyd edib.

Qeyd edək ki, epidermisin quruluşunu və melanin istehsalının mexanizmini anlamaq dəri problemlərinin düzgün qiymətləndirilməsi və kosmetoloji qulluq seçimlərinin daha məqsədyönlü aparılması baxımından əhəmiyyətlidir.

Nurəddin Abdullayev
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.