Yoğun bağırsaq xərçəngi riskini artıran qidalar məlum oldu
Qidalanma vərdişlərinə diqqət yetirmək vacibdir
ABŞ-də 460 mindən çox yetkin insanın məlumatları əsasında aparılan araşdırma ultra emal olunmuş qidaların yoğun bağırsaq xərçəngi riski ilə əlaqəsini ortaya qoyub.
Gundelik.az xəbər verir ki, "PLOS Medicine" jurnalında dərc olunan tədqiqatda bütün ultra emal olunmuş qidaların eyni risklə əlaqəli olmadığı müəyyən edilib.
Tam taxıllı məhsullar və süd məhsulları daha aşağı risklə əlaqələndirildiyi halda, emal olunmuş ət məhsullarının istehlakının daha yüksək risklə bağlı olduğu aşkarlanıb.
Tədqiqatçılar 50–71 yaş arasındakı 461 min 682 yetkin insanın qidalanma vərdişlərini araşdırıblar. Təxminən 19 il davam edən müşahidə müddətində 10 min 75 nəfərə kolorektal xərçəng diaqnozu qoyulub. Nəticələr ümumi ultra emal olunmuş qida istehlakı ilə xərçəng riski arasında birbaşa əlaqə göstərməyib.
Bəzi qidalar riski azaldarkən, digərləri artırıb
Araşdırmaya görə, ultra emal olunmuş mənbələrdən əldə edilən gündəlik tam taxıl porsiyasının hər əlavə vahidi kolorektal xərçəng riskinin 13 faiz aşağı olması ilə əlaqələndirilib. Süd məhsullarında isə bu göstərici 25 faiz təşkil edib.
Bunun əksinə olaraq, ultra emal olunmuş mənbələrdən əldə edilən gündəlik ət porsiyasının hər əlavə vahidi riskin 8 faiz daha yüksək olması ilə əlaqələndirilib.
Qidalanma vərdişlərinə diqqət yetirmək vacibdir
Tədqiqatçılar nəticələrin səbəb-nəticə əlaqəsini sübut etmədiyini və daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıblar.
Mütəxəssislərin tövsiyələri arasında tam taxıl və lif istehlakını artırmaq, süd məhsullarına qidalanmada yer vermək, həmçinin kolbasa, sosiska, bastırma və digər emal olunmuş ət məhsullarının qəbulunu məhdudlaşdırmaq yer alır.
Nuri
Gundelik.az