“S&P Global” beynəlxalq reytinq agentliyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) uzunmüddətli kredit reytinqini “AA+” səviyyəsində təsdiqləyib, proqnozu isə “sabit” olaraq müəyyən edib.
Gundelik.az agentliyə istinadən xəbər verir ki, ölkənin dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatı, institusional güclü tərəfləri, effektiv nəzarət və tarazlıq sistemi, etibarlı pul-kredit siyasəti və ABŞ dollarının dünyanın aparıcı ehtiyat valyutası statusu reytinqin əsas dəstək amilləri hesab olunur.
“S&P” eyni zamanda ABŞ-nin yüksək dövlət borcu və büdcə kəsirini mənfi amillər sırasında göstərib. Lakin agentlik qeyd edib ki, idxal rüsumlarından əldə ediləcək gəlirlər vergi azaldılmaları nəticəsində itkiləri və artan xərcləri kompensasiya edəcək.
Hesabatda Federal Ehtiyat Sisteminin (FRS) pul siyasətində çeviklik imkanlarının yüksək qiymətləndirildiyi vurğulanır: “Biz gözləyirik ki, FRS daxili inflyasiyanı cilovlamaq və maliyyə zəifliklərini aradan qaldırmaq vəzifələrinin öhdəsindən gələ biləcək”.
“Sabit” proqnoz isə “S&P” ekspertlərinin büdcə kəsirinin yaxın illərdə əhəmiyyətli dərəcədə yaxşılaşmasa da, davamlı şəkildə də pisləşməyəcəyi ilə bağlı gözləntilərini əks etdirir.
Proqnozlara əsasən, ABŞ-də ÜDM-in 2025-ci ildə 1,7%, 2026-cı ildə isə 1,6% artacağı gözlənilir.
Gundelik.az

