Son dövrlərdə beynəlxalq münasibətlər sistemində İran–ABŞ qarşıdurmasının gələcək inkişaf istiqamətləri yenidən diqqət mərkəzinə çevrilib. Tərəflər arasında mümkün kompromis ehtimalları, nüvə proqramı ətrafında danışıqlar və Hörmüz boğazı üzərində nəzarət məsələsi qlobal təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. Mövzu ilə bağlı Gundelik.az xəbər portalının suallarını politoloq, elmlər doktoru Elşad Mirbəşiroğlu cavablandırıb.
İran və ABŞ arasında kompromis əldə olunması nə dərəcədə realdır?
– Getdikcə daha intensiv səslənən fikirlərdən biri İranla ABŞ arasında kompromisin mümkün olması ilə bağlıdır. Lakin indiki mərhələdə bu barədə qəti fikir söyləmək çətindir. Hələlik açıq şəkildə belə bir razılaşmanın əlamətləri müşahidə olunmur. Bununla belə, Donald Trump hesab edir ki, İran tərəfi razılaşmaya kifayət qədər yaxındır. Paralel olaraq o, sərt ritorikasını da davam etdirir. İran rəsmiləri isə tam açıq bəyan etməsələr də, müəyyən uzlaşma elementlərinin mövcudluğunu istisna etmirlər.
Hörmüz boğazı məsələsi danışıqlarda hansı rolu oynayır?
– İranın Hörmüz boğazı üzərində hüququnun tanınması məsələsində israr etməsi əsas mübahisə mövzularından biridir. ABŞ-ın bu məsələyə necə yanaşacağı hələ də açıq qalır. ABŞ-ın vitse-prezidenti Ceyd Vens bildirib ki, əgər İran danışıqlara açıq olarsa, bu ölkə üçün iqtisadi inkişaf imkanları yarana bilər.
Digər tərəfdən, müəyyən ortaq nəzarət mexanizmlərinin yaradılması variantı da müzakirə oluna bilər. Məlumata görə, il ərzində təxminən 32 min yük gəmisi bu boğazdan keçir. İranın hər gəmidən müəyyən ödəniş əldə etməsi onun iqtisadiyyatı üçün ciddi maliyyə mənbəyinə çevrilə bilər. Bu da İranın mövqeyinin arxasında dayanan əsas iqtisadi motivlərdən biridir.
Nüvə proqramı ətrafında hansı kompromis variantları mümkündür?
– Hesab edirəm ki, ABŞ müəyyən şərtlər daxilində İranın uranın zənginləşdirilməsi fəaliyyətinə məhdud çərçivədə razılıq verə bilər. Burada mümkün kompromis variantlarından biri kimi proqramın müvəqqəti dayandırılması – məsələn, 5 illik “time-out” modeli nəzərdən keçirilə bilər. Bu halda həm İran müəyyən güzəştlər əldə etmiş olur, həm də Tramp siyasi baxımdan öz mövqeyini qoruyub saxlaya bilər.
– Bu prosesdə siyasi amillər, xüsusilə ABŞ-da seçkilər hansı rol oynayır?
– ABŞ-da qarşıdan gələn seçkilər bu prosesə birbaşa təsir göstərir. İran–ABŞ münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi seçkiqabağı siyasi mühit üçün də əhəmiyyətlidir. Bu baxımdan tərəflərin kompromisə meyilli davranması istisna edilmir.
Regionda təhlükəsizlik baxımından hansı gözləntilər var?
– Hazırda Pakistanın vasitəçiliyi ilə tərəflər arasında növbəti görüşün keçirilməsi gözlənilir. Eyni zamanda atəşkəs rejiminin gücləndirilməsi ilə bağlı fikirlər də səsləndirilir. Bütün bunlar göstərir ki, həm İran, həm də ABŞ birbaşa silahlı qarşıdurmada maraqlı deyillər. Lakin istisna deyil ki, tərəflər proksi qüvvələr vasitəsilə qarşıdurmanı davam etdirsinlər.
Ümumilikdə, İran–ABŞ münasibətlərinin gələcək trayektoriyası həm region, həm də qlobal təhlükəsizlik üçün taleyüklü əhəmiyyət daşıyır. Mövcud şəraitdə kompromis ehtimalı tam istisna olunmasa da, prosesin mürəkkəb və çoxşaxəli olduğu aydın şəkildə görünür.
Tərtib etdi: Məhəmməd Nəzərov

