Gundelik.az Müsahibə Elşad Mirbəşiroğlu: “ABŞ–Avropa ittifaqı artıq əvvəlki kimi olmayacaq”
Müsahibə Xəbərlər

Elşad Mirbəşiroğlu: “ABŞ–Avropa ittifaqı artıq əvvəlki kimi olmayacaq”

Son illərdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan ən mühüm proseslərdən biri Amerika Birləşmiş Ştatları ilə Avropa arasında yaranan və getdikcə dərinləşən siyasi-strateji fikir ayrılığıdır. Xüsusilə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun həm iqtisadi, həm də təhlükəsizlik siyasətində sərgilədiyi sərt yanaşma transatlantik münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Ənənəvi olaraq ABŞ-ın əsas müttəfiqi hesab edilən Avropa ölkələri artıq bir çox məsələlərdə Vaşinqtonla eyni mövqedən çıxış etmirlər. Ukrayna müharibəsi, İran ətrafında yaranan böhran, enerji təhlükəsizliyi və NATO-nun gələcəyi ilə bağlı fərqli baxışlar tərəflər arasındakı etimadın zəiflədiyini göstərir. Politoloq, elmlər doktoru Elşad Mirbəşiroğlu Gundelik.az xəbər portalına müsahibəsində bu proseslərin dünya geosiyasətinə mümkün təsirlərini şərh edib.

 Elşad müəllim, ABŞ və Avropa arasında son dövrlərdə müşahidə olunan gərginliyin əsas səbəbləri nədir?

— Bu gün dünyanın siyasi mənzərəsini formalaşdıran əsas amillərdən biri məhz Amerika Birləşmiş Ştatları ilə Avropa İttifaqı arasında getdikcə dərinləşən gərginlikdir. Donald Tramp prezident seçildikdən sonra ABŞ təkcə rəqiblərinə deyil, həm də ənənəvi müttəfiqlərinə qarşı ticarət və rüsum müharibəsinə başladı. Vaşinqton bu siyasət vasitəsilə müəyyən siyasi və iqtisadi dividendlər əldə etməyə çalışırdı.

Əvvəlki dövrlərdə yaranan fikir ayrılıqları daha çox dialoq və kompromis yolu ilə həll edilirdi. Ancaq hazırda müşahidə etdiyimiz proseslər göstərir ki, ABŞ ilə Avropa arasında gərginlik artıq sistemli xarakter almaqdadır və bu, gələcəkdə kompromis imkanlarını minimuma endirə bilər.

Bəzi ekspertlər hesab edir ki, ABŞ-da hakimiyyət dəyişikliyi baş versə, münasibətlər yenidən normallaşa bilər. Siz bu ehtimalı necə qiymətləndirirsiniz?

— Əlbəttə, belə ehtimallar irəli sürülür. Düşünülür ki, gələcəkdə demokratlar hakimiyyətə gəlsələr, ABŞ-Avropa münasibətləri əvvəlki mərhələyə qayıda bilər. Amma indiki gərginliyin miqyası və dərinliyi göstərir ki, məsələ təkcə administrasiya dəyişikliyi ilə bağlı deyil.

Bu gün artıq ABŞ-ın Avropaya münasibətdə strateji baxışında dəyişiklik müşahidə olunur. Donald Tramp açıq şəkildə bildirir ki, Amerika Birləşmiş Ştatları Avropanın təhlükəsizliyinə əvvəlki kimi birbaşa cavabdeh olmaq niyyətində deyil. Bu yanaşma Trampın ilk prezidentliyi dövründə də özünü göstərmişdi.

 ABŞ rəsmilərinin son çıxışları bu prosesin hansı istiqamətdə inkişaf etdiyini göstərir?

— ABŞ vitse-prezidenti  Ceid Evans və dövlət katibi Marko Rubio müxtəlif Avropa platformalarında çıxış edərək Vaşinqtonun artıq ənənəvi mövqelərdən geri çəkildiyini açıq şəkildə ifadə ediblər. Xüsusilə Ukrayna məsələsində ABŞ əvvəlki səviyyədə dəstək göstərməyəcəyini bəyan edib.

Avropa liderləri də buna cavab olaraq Ukrayna məsələsi ilə bağlı bir neçə geniş sammit keçirdilər və yeni təhlükəsizlik təminatları üzərində düşünməyin vacibliyini vurğuladılar. Bu, transatlantik münasibətlərdə ilkin ciddi fikir ayrılıqlarının göstəricisi idi.

 İran ətrafında baş verən hadisələr ABŞ–Avropa münasibətlərinə necə təsir göstərdi?

— ABŞ və İran arasında müharibənin başlamasından sonra transatlantik gərginlik daha da dərinləşdi. Tramp administrasiyasının gözləntilərinin əksinə olaraq, Avropa ölkələri Vaşinqtona tam dəstək vermədilər. Əksinə, ABŞ-ın İrana endirdiyi zərbələri tənqid etdilər və bunun Avropanın iqtisadi maraqlarına ciddi zərbə vurduğunu bildirdilər.

Burada əsas məsələ enerji təhlükəsizliyi ilə bağlıdır. Hörmüz boğazının bağlanması ehtimalı Avropa iqtisadiyyatı üçün çox ciddi risk yaradır. Nəzərə almaq lazımdır ki, dünya bazarına çıxarılan neftin təxminən 20 faizi məhz Hörmüz boğazı vasitəsilə nəql olunur. Bu isə Avropa iqtisadiyyatına əlavə yük və təzyiq deməkdir.

Avropa liderlərinin Tramp siyasətinə münasibəti nə dərəcədə sərtdir?

— Artıq bir sıra Avropa ölkələrinin rəhbərləri açıq şəkildə Trampın siyasətini tənqid etməyə başlayıblar. İspaniya, Almaniya və İtaliya rəhbərləri ABŞ-ın İrana hücumunu yanlış addım kimi qiymətləndirdilər.

Tramp isə buna cavab olaraq Avropadakı Amerika hərbi kontingentinin əhəmiyyətli dərəcədə azaldılması niyyətini ortaya qoyur. Bu, Avropa liderlərini ciddi şəkildə düşündürür. Hətta ABŞ-ın ən yaxın müttəfiqlərindən biri sayılan Böyük Britaniyanın baş naziri Kir Starmer də artıq ənənəvi alyanslara kor-koranə güvənməyin düzgün olmadığını bildirib.

 Bu proses NATO-nun gələcəyinə necə təsir göstərə bilər?

— Əgər ABŞ ilə Avropa arasında siyasi, iqtisadi və təhlükəsizlik məsələləri üzrə ciddi fikir ayrılığı davam edərsə, bu, NATO-nun gələcəyini sual altına qoya bilər. Çünki NATO mahiyyət etibarilə ABŞ və Avropanın ortaq hərbi-siyasi platformasıdır.

Avropa ölkələri artıq ABŞ-ın iştirak etmədiyi alternativ təhlükəsizlik sistemləri haqqında düşünməyə başlayıblar. Bu isə faktiki olaraq NATO-nun əvvəlki funksionallığını itirməsi demək ola bilər.

Tarixə nəzər salsaq görərik ki, Birinci və İkinci Dünya müharibələrindən sonra ABŞ ilə Avropa arasında heç vaxt indiki qədər dərin fikir ayrılığı olmayıb.

Sizcə, bu gərginlik qlobal geosiyasi düzənə hansı təsirləri göstərə bilər?

— Avropa uzun illər ABŞ-ın qlobal liderlik strategiyasının əsas dəstəkçisi olub. Əgər bu dəstək zəifləyərsə, ayrı-ayrı regionlarda Amerikanın mövqeləri də zəifləyə bilər.

Digər tərəfdən, Avropa ölkələri yeni tərəfdaş və müttəfiqlər axtarışına çıxa bilərlər. Bu isə bütövlükdə dünyada yeni geosiyasi mənzərənin formalaşmasına səbəb ola bilər. Mən hesab edirəm ki, bütün bu proseslər çoxqütblü dünya modelinə keçidi sürətləndirən əsas amillərdən birinə çevrilə bilər.

Tərtib etdi: Jalə Əliyeva 

Gundelik.az

Exit mobile version