İran İslam Respublikasının ali lideri Ayətullah Seyid Əli Xamenei bəyan edib ki, Tehran yalnız müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə ABŞ-la əməkdaşlığı bərpa edə bilər.
Gundelik.az-ın EFE agentliyinə istinadən məlumatına görə, Xamenei bildirib ki, Vaşinqton İsraili (İranda “sionist rejim” kimi adlandırılır) dəstəkləməyi dayandırmalı, bütün hərbi bazalarını Yaxın Şərqdən çıxarmalı və regionun işlərinə müdaxiləyə son qoymalıdır.
“Yalnız ABŞ sionist rejimə dəstəyini tamamilə dayandırarsa, hərbi bazalarını bölgədən çıxararsa və Yaxın Şərq işlərinə qarışmağı dayandırarsa, İran onların əməkdaşlıq təklifini nəzərdən keçirə bilər”, – deyə Xamenei vurğulayıb.
Ali lider həmçinin qeyd edib ki, yaxın gələcəkdə əməkdaşlığın bərpasına ümid bəsləmək real deyil: “Əgər belə bir proses baş verərsə, bu, yalnız daha sonrakı mərhələdə mümkün ola bilər”.
Bundan əvvəl İran hökumətinin sözçüsü Fatemeh Mojirani bildirib ki, Tehran vasitəçilər vasitəsilə ABŞ-dan İranın nüvə proqramı ilə bağlı danışıqların bərpasına dair təkliflər alıb.
Gundelik.az

