“Eyni qidaları yeyirik, amma o kökəlmir” deyirsinizsə, səbəbi bu ola bilər - Mütəxəssis açıqladı
Arıqlamaq və ya kökəlmək istəyən insanlar çox vaxt yaxınlarının pəhriz proqramlarını tətbiq etməklə işə başlayırlar. Lakin bu cür cəhdlər əksər hallarda məyusluqla nəticələnə bilər. Bunun səbəbləri barədə danışan dietoloq Mısra Aydın bildirib ki, çəkiyə nəzarət yalnız qəbul edilən kalorilərin miqdarı ilə məhdudlaşmır.
Gundelik.az xəbər verir ki, gündəlik həyatda tez-tez rast gəlinən “Dostumla eyni qidaları yeyirəm, amma o kökəlmir, mən isə kökəlirəm” düşüncəsi qidalanma ilə metabolizm arasındakı əlaqəyə dair mühüm bir həqiqəti ortaya qoyur. Eyni mühitdə yaşayan, oxşar porsiyalarla qidalanan insanlar arasında belə çəki dəyişikliklərinin fərqli olması bu prosesin sadə riyazi hesablamadan ibarət olmadığını göstərir.
Mövzu ilə bağlı fikirlərini bölüşən qidalanma və pəhriz üzrə mütəxəssis, dietoloq Mısra Aydın bildirib:
“Eyni evdə yaşayan, oxşar miqdarda qidalanan insanların belə çəkilərində bir-birindən xeyli fərqli dəyişikliklər müşahidə edirik. Bəs həqiqətən eyni miqdarda yemək yeyən iki insan niyə fərqli şəkildə kökələ bilər? Bunun səbəbi yalnız metabolizmin sürətidir, yoxsa orqanizmin qidaları mənimsəmə üsulu da bu prosesə təsir göstərir?
Orqanizm yalnız qəbul edilən kaloriləri hesablayan bir mexanizm deyil. İstehlak olunan qidaların tərkibi, həzm olunma forması, bağırsaq sağlamlığı, əzələ kütləsi, hormonal vəziyyət və gündəlik həyat vərdişləri çəkiyə nəzarətdə birlikdə rol oynayır. Qidalanma zamanı adətən nə qədər kalori qəbul edildiyinə diqqət yetirilir. Lakin istehlak edilən hər bir qidanın orqanizmdə eyni şəkildə həzm olunaraq mənimsənildiyini düşünmək düzgün deyil”.
Qidaların quruluşu və emal üsulu enerji istifadəsinə təsir edir
Qidaların fiziki quruluşunun və emal üsulunun enerjidən istifadə prosesinə birbaşa təsir etdiyini bildirən dietoloq Mısra Aydın qeyd edib:
“Liflə zəngin və təbii quruluşu böyük ölçüdə qorunmuş qida ilə yüksək dərəcədə emal edilmiş qidanın həzm prosesləri fərqli ola bilər. Qidaların üyüdülməsi, bişirilməsi, lif tərkibi və fiziki quruluşu həzm fermentlərinin qidaya çatmasına və enerjinin orqanizm tərəfindən istifadə edilə bilən formaya çevrilməsinə təsir göstərə bilər.
Bununla yanaşı, iki insanın eyni miqdarda kalori qəbul etməsi onların eyni miqdarda enerji sərf etdiyi demək deyil. Əzələ kütləsi, fiziki aktivlik, yaş, genetik xüsusiyyətlər və hormonal fərqlər gündəlik enerji tələbatını dəyişə bilər. Buna görə də hər zaman yalnız kalori miqdarına deyil, qidalanmanın ümumi keyfiyyətinə diqqət yetirmək lazımdır”.
Bağırsaq mikroorqanizmləri də rol oynayır
Həzm sistemində yaşayan mikroorqanizmlərin qidalardan əldə edilən enerjiyə təsir göstərdiyini vurğulayan dietoloq sözlərinə belə davam edib:
“Bağırsaqlarda trilyonlarla mikroorqanizm yaşayır. Bağırsaq bakteriyaları, xüsusilə insanın öz həzm fermentləri ilə parçalaya bilmədiyi bəzi liflərin fermentasiyasında iştirak edir. Bu proses zamanı yaranan qısa zəncirli yağ turşuları həm bağırsaq sağlamlığına töhfə verə, həm də orqanizm tərəfindən enerji mənbəyi kimi istifadə oluna bilər.
Lakin bağırsaq bakteriyaları özlüyündə çəki artımına və ya arıqlamağa səbəb olan yeganə mexanizm deyil.
Tərəvəzlər, meyvələr, paxlalılar, tam taxıllar və yağlı toxumlar bağırsaq sağlamlığını dəstəkləyən mühüm lif mənbələridir. Bəzi lif növləri mədənin boşalma prosesini ləngidə, karbohidratların sorulma sürətinə təsir göstərə və qanda şəkərin səviyyəsinin tənzimlənməsini dəstəkləyə bilər.
Məsələn, meyvənin özünü yeməklə yalnız onun suyunu içmək eyni təsiri yaratmaya bilər. Meyvənin təbii quruluşunda olan lif, çeynəmə müddəti və həzm prosesi baxımından mühüm üstünlüklər təmin edir”.
Qidalanma proqramı hər kəs üçün fərdi hazırlanmalıdır
Qidalanma proqramlarının fərdi xüsusiyyətlər nəzərə alınmaqla hazırlanmasının vacibliyini vurğulayan Mısra Aydın bildirib:
“Bir insan üçün uğurlu olan qidalanma proqramının başqa bir insanda eyni nəticəni verməməsinin bir çox səbəbi ola bilər. Genetik xüsusiyyətlər, əzələ kütləsi, fiziki aktivlik, yuxu rejimi və ümumi enerji balansı bağırsaq mikrobiotası qədər əhəmiyyətlidir.
Bağırsaq sağlamlığını dəstəkləmək üçün hər zaman bahalı əlavələrə, xüsusi məhsullara və ya dəbdə olan pəhrizlərə ehtiyac yoxdur. Çox vaxt mətbəximizdə olan tərəvəzlər, meyvələr, qatıq, paxlalılar və tam taxıllar balanslı qidalanmanın əsasını təşkil edir.
Unutmaq olmaz ki, sağlam qidalanma yalnız az yeməkdən və ya daim kalori hesablamaqdan ibarət deyil. Əsas məqsəd orqanizmin ehtiyaclarını tanımaq, qidaların keyfiyyətini artırmaq və davamlı sağlam vərdişlər formalaşdırmaqdır.
Sağlam çəkiyə nəzarətin əsasında pəhrizlər deyil, elmi əsaslara söykənən və insanın həyat tərzinə uyğunlaşdırılmış qidalanma vərdişləri dayanır”.
Nuri
Gundelik.az