Ana və qız arasında 35 illik fasilə: ana-bala “Kainat gözəli” titulunu qazandı

Ana və qız arasında 35 illik fasilə: ana-bala “Kainat gözəli” titulunu qazandı

25 yaşlı Daniell Adewusi anasından 35 il sonra Nigeriyanın “Miss Universe Nigeria” milli gözəllik müsabiqəsinin qalibi olub.

Gundelik.az xəbər verir ki, bu barədə "BBC News Pidgin" məlumat yayıb.

Hazırda 57 yaşı olan Antoniya Okogbenin 1991-ci ildə Nigeriyanın ən gözəl qadını seçilib. Onun dörd qızı dünyaya gəlsə də, yalnız Daniell anasının yolunu davam etdirərək eyni uğura imza atıb.

Okogbenin müsabiqənin final mərhələsini izləyərkən qeyri-adi hisslər yaşadığını etiraf edib. “Bu, yuxu kimi idi. Sanki özümü onun simasında görürdüm”, – deyə o bildirib.

Keçmiş gözəllik kraliçası əlavə edib ki, onun “Miss Universe” müsabiqəsində iştirak etdiyi dövrdə yarışma indiki qədər populyar olmayıb. Buna səbəb sosial şəbəkələrin mövcud olmaması və insanların iştirakçıların hər addımını izləməməsi idi. Onun sözlərinə görə, müsabiqə iştirakçılarının fotoları qəzetlərdə yalnız finala bir neçə həftə qalmış dərc olunurdu.

Okogbenin 35 il əvvəl “Miss Universe” müsabiqəsində intellektual səviyyənin daha çox qiymətləndirildiyini və iştirakçıların suallara verdiyi cavabların daha ciddi meyarlarla dəyərləndirildiyini də vurğulayıb. Bununla yanaşı, onun fikrincə, müasir iştirakçılar müsabiqə çərçivəsində öz imiclərini və şəxsi mövqelərini müdafiə etməkdə daha bacarıqlıdırlar.

Okogbenin müsabiqədə iştirakını çox sərt xarakterli atasından gizlətmək məcburiyyətində qaldığını da danışıb. Atası qızının milli səviyyəli gözəllik kraliçası seçildiyini yalnız ABŞ-da keçiriləcək “Miss Universe” finalına getmək üçün xarici pasport almalı olduğu zaman öyrənib.

Daniell Adewusi isə özünə güvəndiyini və noyabrın 24-də Puerto-Rikoda keçiriləcək beynəlxalq finalda Nigeriyanı layiqincə təmsil etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiyanı “Miss Universe” beynəlxalq gözəllik müsabiqəsində “Miss Russia – 2023” yarışmasının finalçısı Aleksandra Staşkeviçin təmsil edəcəyi bildirilmişdi. Tümendən olan 21 yaşlı rusiyalı model çirlidinq üzrə yeddiqat Rusiya çempionu və idman ustalığına namizəddir.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.