Hakerlər qan saxlanılan soyuducuların sistemini sındırdı: qan ehtiyatları təhlükə ilə üzləşdi

Hakerlər qan saxlanılan soyuducuların sistemini sındırdı: qan ehtiyatları təhlükə ilə üzləşdi

Fransa Qan Xidməti (EFS) soyuducu avadanlıqlarının təchizatçılarından birinə qarşı kiberhücum həyata keçirildiyini açıqlayıb.

Gundelik.az xəbər verir ki, hadisə barədə qurumun rəsmi saytında məlumat verilib.

Məlumata görə, noyabrın 2-də hakerlər EFS-in üç obyektində yerləşən soyuducuların idarəetmə sistemlərinə müdaxilə ediblər. Hücum edən şəxslər temperatur hədlərini və ərimə parametrlərini normadan xeyli yüksək göstəricilərə dəyişiblər. Bildirilir ki, hücumun birbaşa hədəfi Fransa Qan Xidməti olmayıb. Lakin baş verən müdaxilə qan saxlanılan kameraların monitorinq və idarəetmə sistemlərində nasazlıqlara səbəb olub.

Qurumun əməkdaşları temperatur göstəricilərindəki dəyişiklikləri vaxtında aşkar edərək soyuduculardakı qan ehtiyatlarını digər kameralara köçürüblər.

“Pasiyentlərin sağlamlığı üçün heç bir mənfi nəticə qeydə alınmayıb. Qan komponentləri üzrə itki baş verməyib”, – deyə xidmətin açıqlamasında bildirilib.

Qeyd olunur ki, buna bənzər hücumlar daha əvvəl Belçika, İrlandiya, Lüksemburq, Niderland, Finlandiya, İsveç, Estoniya, İtaliya və Portuqaliyada da qeydə alınıb. Hakerlər soyuducu avadanlıqlarda ərimə rejimini aktivləşdirib, bəzi hallarda isə kameraların temperaturunu 50 dərəcədən yuxarı qaldırıblar. Nəticədə saxlanılan məhsullar yararsız hala düşüb.

Xatırladaq ki, daha əvvəl ABŞ-də hakerlərin kontraseptiv vasitələrin daşındığı yük maşınını ələ keçirdiyi barədə məlumat yayılmışdı. Kibercinayətkarlar daşıma şirkətinin saytını sındıraraq yük maşınını naməlum anbara yönləndiriblər. Hadisə nəticəsində dəymiş zərərin 1,7 milyon dollar olduğu bildirilir.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.