Ağac koğuşunda başı ilişib qalan yenot yanğınsöndürənlər tərəfindən xilas edildi

Ağac koğuşunda başı ilişib qalan yenot yanğınsöndürənlər tərəfindən xilas edildi

ABŞ-də başı ağacın koğuşuna ilişib qalan və öz gücü ilə oradan çıxa bilməyən yenot yanğınsöndürənlər tərəfindən xilas edilib.

Gundelik.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Hadisə oktyabrın sonunda Texas ştatının Ostin şəhərində baş verib. Bir kişi evinin yaxınlığındakı ağacın koğuşunda ilişib qalan heyvanın çıxa bilmədiyini görərək Ostin Yanğınsöndürmə Xidmətinə zəng edib.

Çağırışa gələn xilasedicilər xüsusi xilasetmə aləti – “Həyat çənələri” (Jaws of Life) vasitəsilə yenotu tələdən azad ediblər. Ehtimal olunur ki, heyvan yemək və ya sığınacaq axtararkən ağacın koğuşuna girib, lakin başının ölçüsünü dəliyin ölçüsünə uyğun hesablamayıb.

Yenot ağacdan çıxarılaraq yerə endirilərkən halsız vəziyyətdə görünüb. Bu isə hadisəni izləyənlər arasında heyvanın həyatı ilə bağlı narahatlıq yaradıb.

Ostin Yanğınsöndürənlər Assosiasiyası yenotun vəziyyətinin yaxşı olduğunu təsdiqləyib. Qurumun nümayəndələrinin sözlərinə görə, görüntülərdə heyvanın halsız görünməsinin səbəbi ağacdan çıxmaq üçün göstərdiyi uzunmüddətli mübarizə nəticəsində həddindən artıq yorulması olub.

Daha sonra yenot xüsusi tutucu çubuq vasitəsilə təhlükəsiz şəkildə götürülərək heyvanlara nəzarət xidmətinə təhvil verilib.

“Onun vəziyyəti yaxşıdır! Bu balaca heyvanla maraqlanan və bizə müraciət edən hər kəsə təşəkkür edirik. Xilasetmə əməliyyatının uğurla başa çatmasına çox şadıq”, – deyə assosiasiyanın açıqlamasında bildirilib.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin Massaçusets ştatında yenot azyaşlı uşağa hücum etmişdi. Heyvan uşağın üzərinə atılaraq onu cırmaqlamış və dişləmişdi.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.