9 milyon gözləyirdilər, hərracda 47,3 milyona satıldı
Bir vaxtlar Tirannozavr reksin balası hesab edilən Nanotiranın skeleti Nyu-Yorkda “Sotheby’s” hərrac evində 47,3 milyon dollara satılıb.
Gundelik.az xəbər verir ki, təxminən 3 metr uzunluğunda olan və “Codi” adlandırılan skeletin 9 milyon dollara satılacağı gözlənilirdi.
Altı potensial alıcının iştirak etdiyi 12 dəqiqəlik hərracın qalibi açıqlanmayıb.
Təxminən 191 qalıq sümük elementindən ibarət olan skelet yaxşı qorunmuş, demək olar ki, bütöv kəlləsi ilə seçilir. “Sotheby’s”in məlumatına görə, bu, elmə məlum olan cəmi üç Nanotiran skeletindən biridir və ötən il dinozavrın ayrıca cins olduğu təsdiqləndikdən sonra satışa çıxarılan ilk nümunədir.
“Codi” hərracda satılan ən bahalı ikinci dinozavr fosili olub. Rekord ötən ilin iyulunda 50,1 milyon dollara satılan “Qus” adlı Tirannozavr reks skeletinə məxsusdur. 2024-cü ildə isə “Apeks” adlı Steqozavr skeleti 44,6 milyon dollara alıcı tapıb.
Skelet 2023-cü ildə ABŞ-nin Montana ştatındakı “Hell Creek” geoloji formasiyasında fermer Codi Piersonun torpağında aşkarlanıb. Əvvəlcə gənc Tirannozavr reks kimi təqdim edilən fosil sonradan Nanotiran nümunəsi kimi təsnif olunub.
Paleontoloqlar uzun müddət Nanotiranın Tirannozavr reksin kiçik fərdlərindən biri olub-olmadığını müzakirə ediblər. Portsmut Universitetinin paleontoloqu Meqan Ceykobsun sözlərinə görə, Nanotiran daha zərif bədən quruluşu və əti kəsməyə uyğun bıçaq formalı dişləri ilə fərqlənir.
Təxminən 67 milyon il əvvəl yaşamış bu iki dinozavrın ayrı-ayrı cinslərə aid olması ilə bağlı mübahisələrdə 2006-cı ildə tapılan “Dueling Dinosaurs” fosili də mühüm rol oynayıb. Nanotiran və Triseratops qalıqlarını bir araya gətirən bu nümunə əsasında aparılan araşdırmalar Nanotiranın Tirannozavr reksdən ayrı cins kimi təsnif edilməsini dəstəkləyib.
Dinozavr qalıqlarının milyonlarla dollara satılması isə onların özəl kolleksiyalarda saxlanılması, yoxsa elmi araşdırmalar üçün əlçatan olması barədə müzakirələri yenidən gündəmə gətirib.