Gundelik.az Dünya Ərdoğan Ağ Evdə Tramp ilə görüşəcək
Dünya Siyasət Xəbərlər

Ərdoğan Ağ Evdə Tramp ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Ağ Evdə baş tutacaq görüş barədə TRT-yə danışan Ərdoğan, “Tramp ilə ətraflı müzakirələrimiz olacaq”, – deyə bildirib.

Gundelik.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərdən tutmuş regional və qlobal məsələlərə qədər bir sıra mühüm mövzular gündəmdə olacaq. Enerji və müdafiə sənayesində əməkdaşlıq imkanlarının genişləndirilməsi, o cümlədən F-16 və F-35 döyüş təyyarələrinin alınması məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Ticarət də görüşün əsas istiqamətlərindən biri olacaq. Ötən il iki ölkə arasında 35 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Liderlər bu həcmin 100 milyard dollara çatdırılması və qarşılıqlı investisiyaların artırılması üçün atılacaq addımları müzakirə edəcəklər.

Regional mövzular arasında isə Qəzza ön plandadır. Prezident Ərdoğan İsrailin fələstinlilərə qarşı həyata keçirdiyi soyqırımı dayandırmaq, humanitar yardımın çatdırılması və problemin həlli istiqamətində atılmalı addımlar barədə Trampa öz mövqeyini çatdıracaq.

Bundan başqa, Rusiya-Ukrayna müharibəsi və İstanbulda aparılan sülh danışıqlarının gedişatı, eləcə də Suriyadakı vəziyyət və PKK-nın Suriya qanadı olan QSD-yə dair məsələlər də liderlərin gündəmində yer alacaq.

Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı daşıyan xüsusi təyyarə Vaşinqton yaxınlığındakı Endryus Hava Bazasında eniş edib. Onları Türkiyənin ABŞ-dakı səfiri Sedat Önal və digər rəsmi şəxslər qarşılayıb. Prezident və xanımı daha sonra Ağ Evin qonaq evi olan Blair House-a gedib və burada onları toplaşan vətəndaşlar səmimi şəkildə salamlayıblar.

Ərdoğana səfərdə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın, müdafiə sənayesi rəhbəri Haluk Görgün və digər yüksək vəzifəli şəxslər müşayiət edir. Xarici işlər naziri Hakan Fidan isə Nyu-Yorkdakı görüşlərindən sonra Vaşinqtona qoşulacaq.

Görüşdən sonra Prezident Ərdoğanın mətbuata açıqlama verməsi gözlənilir.

Gundelik.az 

Exit mobile version