NASA 2030-cu ildə Beynəlxalq Kosmik Stansiyanın (BKS) idarəli şəkildə Yer atmosferinə daxil ediləcəyini və Sakit Okeanın ucqar bölgəsinə endiriləcəyini açıqlayıb.
Bu barədə Gundelik.az quruma istinadən xəbər verir.
İlk modulları 1998-ci ildə orbitə çıxarılan və 2000-ci ildən etibarən daimi istifadədə olan BKS, bəşəriyyətin ən böyük elmi əməkdaşlıq layihələrindən biri kimi tarixə düşüb. 25 il ərzində stansiyada 4 mindən çox elmi təcrübə aparılıb. Bu təcrübələr xərçəng dərmanlarının kristallaşmasından süni tor qişaların inkişafına, DNT ardıcıllığından optik liflərin istehsalına qədər bir çox sahədə mühüm kəşflərə yol açıb. İndiyədək 26 ölkədən təxminən 300 tədqiqatçı və astronavt burada fəaliyyət göstərib.
BKS istismardan çıxarıldıqdan sonra NASA və onun beynəlxalq tərəfdaşları aşağı Yer orbitini tərk etməyəcək. Agentlik özəl sektora 400 milyon dollardan artıq investisiya yatıraraq yeni nəsil kommersiya kosmik stansiyalarının yaradılmasına dəstək verir. Hazırda SpaceX, Boeing, Axiom Space, Blue Origin və Starlab kimi şirkətlər müasir modullar üzərində işləyirlər. Məqsəd BKS istifadədən çıxarılmadan əvvəl dörd nəfərlik ekipajların ən azı 30 gün qala biləcəyi xüsusi stansiyaları sınaqdan keçirməkdir. Gələcəkdə NASA bu stansiyalardan yük və astronavt daşımalarında olduğu kimi xidmətlər almağı planlaşdırır.
BKS-dən sonra diqqət mərkəzində Çinin Tiangong kosmik stansiyası olacaq. 2021-ci ildən davamlı olaraq insanlı missiyalara ev sahibliyi edən Tiangong, yaxın illərdə dünyanın ən uzun müddətli insanlı kosmik stansiyasına çevriləcək.
2030-cu ilə qədər orbitdə qalacaq BKS, həmin dövrədək səmada ən parlaq obyektlərdən biri kimi görünməyə davam edəcək və bəşər tarixində beynəlxalq əməkdaşlıq və elmi tərəqqinin rəmzi kimi yadda qalacaq. NASA isə əldə olunmuş təcrübəni yeni kommersiya stansiyalarına daşımağı hədəfləyir.
Gundelik.az

