ABŞ rəsmilərinin sözlərinə görə, Tramp İranla razılaşmanın kökündən əleyhinədeyil. Əksinə, o, razılaşmanın tezliklə yekunlaşacağına inanır. Lakin ABŞ prezidenti onun üçün vacib olan müəyyən bəndlərin daha sərt və aydın şəkildə yazılmasını istəyir. Buna görə də danışıqlar layihəsi İran tərəfinə yenidən göndərilib.
Axios-a görə, Trampın ən böyük narahatlığı İranın zənginləşdirilmiş uran ehtiyatının taleyidir. Hazırkı layihədə İranın nüvə silahı istehsal etməməsi ilə bağlı öhdəliyi var. Lakin ABŞ administrasiyası yalnız bu öhdəliklə kifayətlənmək istəmir. ABŞ zənginləşdirilmiş uranın necə çatdırılacağı, kimə veriləcəyi və prosesin hansı müddətə davam edəcəyi ilə bağlı daha ətraflı təminatlar tələb edir.
Layihəyə əsasən, tərəflərin müqavilə imzalandıqdan sonra əlavə 60 günlük danışıqlar müddəti keçirməsi gözlənilir. Bu müddət İranın nüvə öhdəlikləri və ABŞ sanksiyalarının tədricən qaldırılması məsələsini əhatə edəcək. Lakin Tramp administrasiyası bu çərçivənin daha qəti və məcburi olmasını istəyir.
Danışıqlarda ikinci vacib mövzu Hörmüz boğazıdır. ABŞ mənbələri layihənin Hörmüz boğazı ilə bağlı hissələrinin də Trampın tələbi ilə yenidən işləndiyini bildirirlər. Vaşinqtonun sözlərinə görə, Tehran prinsipcə razılığa gəlməyə hazırdır və prosesə son maneə Trampın tələb etdiyi dəyişikliklərdir.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az

