Gundelik.az Dünya Tramp İrana qarşı hərbi və gizli əməliyyat variantları barədə məlumatlandırı
Dünya Xəbərlər

Tramp İrana qarşı hərbi və gizli əməliyyat variantları barədə məlumatlandırı

Mənbələrin bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp İrana qarşı istifadə oluna biləcək geniş spektrli gizli və hərbi vasitələr barədə  məlumatlandırılıb. Bu barədə Pentaqonun iki rəsmisi BBC-nin ABŞ-dakı tərəfdaşı olan CBS News-a açıqlama verib.
Mənbələrin sözlərinə görə, mümkün ABŞ müdaxiləsi üçün uzaqmənzilli raket zərbələri variant olaraq qalır. Bununla yanaşı, Pentaqon rəsmiləri Trampa kibermüdaxilə və psixoloji əməliyyat ssenarilərini də təqdim ediblər.
Tramp bazar ertəsi günü İranla kommersiya əlaqələri olan ölkələrdən idxal edilən mallara 25% gömrük rüsumu tətbiq etdiyini açıqlayıb. Hüquq müdafiə təşkilatları isə bildirir ki, hökumət əleyhinə etirazların üç həftə davam etdiyi müddətdə 600-dən çox etirazçı öldürülüb.
İranın xarici işlər naziri Vaşinqtonla danışıqlara açıq olduqlarını, lakin “müharibəyə də hazır olduqlarını” bildirib.
Mənbələrə görə, Trampın milli təhlükəsizlik komandası çərşənbə axşamı Ağ Evdə İranla bağlı variantları müzakirə etmək üçün iclas keçirməyi planlaşdırır. Lakin prezidentin iclasda şəxsən iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Tramp daha əvvəl bəyan etmişdi ki, əgər daha çox etirazçı öldürülərsə, ABŞ ordusu “çox sərt variantları” nəzərdən keçirir. O, İran rəhbərliyinin onunla “danışıqlar aparmaq üçün əlaqə saxladığını” desə də, əlavə edib ki, ABŞ “görüş baş tutmamış hərəkətə keçə bilər”.
İran valyutasının sürətlə dəyər itirməsi və iqtisadi idarəetmədəki ciddi problemlər ölkənin ali lideri Ayətullah Əli Xameneinin legitimliyini sual altına alan ciddi siyasi böhrana çevrilib.
Bazar ertəsi Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, İran rəsmilərindən biri də Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla əlaqə saxlayıb. O, Tehranın ictimai mövqeyinin administrasiyaya gizli kanallarla ötürülən mesajlardan “xeyli fərqli” olduğunu qeyd edib.
Bununla yanaşı, Levitt vurğulayıb ki, ABŞ prezidenti “lazım bildiyi halda və vaxtda hərbi variantlardan istifadə etməkdən çəkinmir”.
Məxfilik səbəbindən adlarının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, ABŞ-ın İrana mümkün hərbi cavabı əsasən hava qüvvələrini əhatə edə bilər. Eyni zamanda İranın komanda strukturlarını və rabitə sistemlərini pozmağa yönəlmiş planlar da nəzərdən keçirilir.
ABŞ hökuməti İranda olan vətəndaşlarını ölkəni tərk etməyə və ya ABŞ hökumətinin köməyinə ehtiyac duymadan ölkədən çıxış planı hazırlamağa çağırıb.
Bu arada Ayətullah Xamenei ABŞ-ı “hiyləgərlikdə” və “xəyanətkar muzdlu qüvvələrə güvənməkdə” ittiham edib. O, bazar ertəsi İranda keçirilən dövlət tərəfindən təşkil olunan hökumətyönlü mitinqləri tərifləyib və bildirib ki, “İran xalqı güclüdür, ayıqdır və düşmənlərini tanıyır”.
Dövlət mediası bir sıra şəhərlərdə kütləvi hökumətyönlü nümayişlərin keçirildiyini bildirib. BBC Persian ölkə daxilində insanlara bu mitinqlərə qatılmaq üçün göndərilən mesajları görüb. Mesajlarda eyni zamanda hökumət əleyhinə etirazlara qatılmamaq barədə xəbərdarlıq edildiyi qeyd olunur.
Ayrı bir açıqlamada Tramp Truth Social platformasında bildirib ki, İranla biznes əlaqələri olan ölkələrdən idxal edilən mallara 25% rüsum tətbiq olunacaq. O, “Bu qərar yekun və qətidir” deyə əlavə edib.
Artıq ağır sanksiyalar altında olan İran yüksək inflyasiya və çökən milli valyuta səbəbilə ciddi iqtisadi böhran yaşayır. Ərzaq məhsulları İranın idxalının təxminən üçdə birini təşkil edir və yeni rüsumlar çatışmazlığı və qiymət artımını daha da dərinləşdirə bilər.
Ağ Ev rüsumlarla bağlı əlavə detallar açıqlamayıb. İranın əsas ticarət tərəfdaşı Çin hesab olunur. Ondan sonra İraq, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Hindistan gəlir.
Bu addım İran hakimiyyətinin etirazlara qarşı repressiyaları artırdığı bir vaxtda Tehrana təzyiqləri daha da gücləndirə bilər.
İranın son şahının ABŞ-da sürgündə yaşayan oğlu Rza Pəhləvi isə CBS News-a müsahibəsində Trampı etirazçılar arasında ölüm sayının artmaması üçün “daha tez müdaxilə etməyə” çağırıb.
Pəhləvi bildirib ki, mövcud İran hakimiyyəti “dünyanı yenidən danışıqlara hazır olduğuna inandırmağa çalışır”. O, Trampı “dediyini edən və nə etdiyini bilən lider” kimi xarakterizə edib.
Norveçdə yerləşən Iran Human Rights təşkilatının məlumatına görə, İranda azı 648 etirazçı öldürülüb, onların doqquzu 18 yaşdan aşağıdır. BBC-yə danışan ölkədaxili mənbələr real rəqəmin daha yüksək ola biləcəyini bildirir.
BBC və digər beynəlxalq media qurumları İranda birbaşa reportaj hazırlaya bilmir. Cümə axşamı axşam saatlarından tətbiq edilən internet blokadası məlumatların toplanmasını və təsdiqlənməsini çətinləşdirib.
Hazırladı:  Ziyalə Əhmədli
Gundelik.az
Exit mobile version