Gundelik.az Dünya Tramp: ABŞ Nigeriyada “İslam Dövləti”nə qarşı ölümcül zərbələr endirib
Dünya Xəbərlər

Tramp: ABŞ Nigeriyada “İslam Dövləti”nə qarşı ölümcül zərbələr endirib

Prezident Donald Tramp cümə axşamı gecə Truth Social platformasında paylaşım edərək bildirib ki, onun rəhbərliyi dövründə ABŞ “radikal islamçı terrorizmin inkişaf etməsinə imkan verməyəcək”.
Noyabr ayında Tramp ABŞ ordusuna Nigeriyada fəaliyyət göstərən islamçı silahlı qruplara qarşı mümkün əməliyyatlara hazırlaşmaq göstərişi verib. Həmin vaxt o, konkret hansı qətlləri nəzərdə tutduğunu açıqlamamışdı. Lakin son aylarda ABŞ-ın bəzi sağçı dairələrində Nigeriyada xristianlara qarşı “soyqırım” iddiaları geniş yayılıb.
ABŞ-ın müdafiə naziri Pit Heqset də cümə axşamı Nigeriya hökumətinə “dəstək və əməkdaşlığa görə minnətdar olduğunu” bildirib. O, X sosial şəbəkəsində paylaşımını “Milad bayramınız mübarək!” sözləri ilə bitirib.
ABŞ Müdafiə Nazirliyi daha sonra hərbi gəmilərdən birindən raketin buraxılmasını əks etdirən, məxfilikdən çıxarılmış qısa video yayımlayıb.
Prezident Trampın sözlərinə görə, ABŞ Nigeriyanın şimal-qərbində “İslam Dövləti” (İD) qruplaşmasına qarşı “güclü və ölümcül zərbə” endirib. O, bu qruplaşmanı “terrorçu ünsürlər” adlandıraraq, əsasən günahsız xristianları hədəf almaqda ittiham edib.
ABŞ Afrika Komandanlığı (Africom) isə bildirib ki, hücum Nigeriya ilə koordinasiya olunmuş şəkildə Sokoto ştatında həyata keçirilib.
Nigeriyanın xarici işlər naziri Yusuf Maitama Tuqqar BBC-yə açıqlamasında əməliyyatın “terrorçulara qarşı birgə əməliyyat” olduğunu deyib və bunun “heç bir dinlə əlaqəsi olmadığını” vurğulayıb. O, gələcəkdə yeni zərbələrin mümkünlüyünü istisna etməyərək, bunun iki ölkə rəhbərliyinin qərarından asılı olacağını bildirib.
Nigeriya Xarici İşlər Nazirliyi də bəyanat yayaraq ölkənin ABŞ daxil olmaqla beynəlxalq tərəfdaşlarla terrorizmə qarşı strukturlaşdırılmış təhlükəsizlik əməkdaşlığını davam etdirdiyini və bunun şimal-qərbdə terrorçu hədəflərə dəqiq hava zərbələri ilə nəticələndiyini açıqlayıb.
Zorakılığı izləyən beynəlxalq təşkilatların məlumatına görə, Nigeriyada xristianların müsəlmanlardan daha çox hədəf alındığını göstərən heç bir sübut yoxdur. Ölkə əhalisi təxminən bərabər şəkildə müsəlman və xristianlardan ibarətdir.
Nigeriya Prezidenti Bola Tinubunun müşaviri Daniel Bvala BBC-yə bildirib ki, ölkəsi ABŞ-ın dəstəyini alqışlayır, lakin Nigeriya suveren dövlətdir və hərbi əməliyyatlar birgə həyata keçirilməlidir. O əlavə edib ki, cihadçı qruplar konkret dini hədəf almır və bütün inanclardan olan insanları qətlə yetiriblər.
Prezident Tinubu da ölkədə dini dözümlülüyün mövcud olduğunu və təhlükəsizlik problemlərinin bütün regionlara və dinlərə təsir etdiyini vurğulayıb.
Qeyd edək ki, “Boko Haram” və “İslam Dövləti Qərbi Afrika Vilayəti” kimi qruplaşmalar son on ildən artıqdır Nigeriyanın şimal-şərqində minlərlə insanın ölümünə səbəb olub. Lakin zorakılıq üzrə araşdırma aparan ACLED təşkilatına görə, qurbanların əksəriyyəti müsəlmanlardır.
Mərkəzi Nigeriyada isə əsasən müsəlman maldarlarla çox vaxt xristian olan fermerlər arasında torpaq və su üstündə tez-tez qanlı toqquşmalar baş verir. İnsan hüquqları təşkilatları bildirir ki, bu münaqişələrdə hər iki tərəf tərəfindən vəhşiliklər törədilib və xristianların xüsusi olaraq hədəf alındığına dair sübut yoxdur.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
Exit mobile version