Gundelik.az Elm və təhsil Ədəbiyyat R. T. Ərdoğanın “Dünya beşdən böyükdür” çağrışı gələcək dünyanın əsas formuludur.
Ədəbiyyat Siyasət Xəbərlər

R. T. Ərdoğanın “Dünya beşdən böyükdür” çağrışı gələcək dünyanın əsas formuludur.

BMT BA Etibarın bərpası, transformasiyanın idarə olunması: Hamı üçün işləyən BMT mövzusunda 81-ci sessiyası dünyanın olduqca ciddi çağırışlar qarşısında olduğu bir vaxta təsadüf etdi. BMT BA tribunasından səsləndirilən fikirlər sözün əsl mənasında həyacan təbilləri idi. Bu çıxışlar içərindən ən təsirlisi, düşündürücüsü qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur. Hər şeydən öncə, siyasi məzmun baxımından Ərdoğanın çıxışı unikallığı ilə dünyanın diqqətini cəlb etdi. Çünki, R.T. Ərdoğanın çıxışı ənənəvi diplomatik bəyanatdan çox kənara çıxaraq, gələcək beynəlxalq münasibətlər və təhlükəsizlik sistemi əhəmiyyəti fundamental yanaşma xarakteri daşıyır. Belə ki, Tükiyə Prezidenti yalnız ölkəsi ilə bağlı deyil, həm də, bütün beynəlxalq sistemin gələcəyinə birbaşa təsir edən BMT islahatı, beynəlxalqhüququn effektivliyi, müharibələr və münaqişələr, Fələstin, Avropa təhlükəsizliyi və regional güclərin yeni dünya nizamının formalaşmasında yeri kimi məsələləri qaldırdı.
Türkiyə Prezidenti R.T. Ərdoğanın çıxışının əsas mənasını onun konkret beynəlxalq böhranları başlıca olaraq, mövcud qlobal idarəetmə sistemində islahatların aparılması zərurəti ilə əlaqələndirməsi təşkil edirdi. Müvafiq olaraq, çıxışda BMT Təhlükəsizlik Şurasının mövcud strukturu haqlı olaraq açıq tənqid olundu. Yəni, cənab Ərdoğan beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq üçün yaradılan BMT-nin hazırda bu funksiyanı tam yerinə yetirə bilmədiyini önə çəkir və bunu son bir ildə baş 60-dan çox münaqişə və müharibənin baş verməsi ilə əsaslandırır. O, sadəcə konkret münaqişələr haqqında deyil, mövcud beynəlxalq arxitekturanın müharibələrin qarşısını almaq qabiliyyətində olmadığına açıq işarə edir.
Cənab Ərdoğan çoxqütblü dünyanın reallığı ilə Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququndan istifadə etdiyi sistem arasındakı ziddiyyəti qeyd edərək məşhur  “Dünya beşdən böyükdür” prinsipini BMT tribunasından bir daha əsaslandırdı. O, Təhlükəsizlik Şurasının formalaşması üçün daha geniş tərkibdə təmsilçilik mexanizmini dəstəkləyir və daimi üzvlüyü və veto hüququnu ləğv edilməsini təklif etdi. Həqiqətən də, bu təkliflər daha təhlükəsiz və ədalətli dünya düzəninin ana formuludur. Bu mənada, xüsusi olaraq qeyd etmək lazımdır ki, cənab Ərdoğan beynəlxalq hüquq normalarının selektiv, yəni, güclü və zəif dövlətlərə münasibətdə fərqli şəkildə tətbiq edilməsinə qarşı çıxış etdi və bu kontekstdə Türkiyənin beynəlxalq münasibətlərin daha müstəqil və çoxqütblü arxitekturasını müdafiə edən bir dövlət olduğunu bir daha önə çəkdi. R. T. Ərdoğan çoxqütlü dünya düzənini dəstəkləməklə, daha ədalətli və təhlükəsiz beynəlxalq münasibətlər sisteminin qurulmasının zəruriliyini diqqətə çatdırdı. Onun fikrincə, bəzi dövlətlər məsuliyyətdən yayınmaq üçün daha böyük gücə malikdirlərsə, beynəlxalq sistemə inam zəifləyir. İnamın və etibarın azalması öz növbəsində münaqişə ehtimalını artırır. Buna görə də onun çıxışında beynəlxalq qurumların islahatı texniki məsələ kimi deyil, uzunmüddətli beynəlxalq təhlükəsizlik üçün ilkin şərt kimi təqdim olunur.
Göründüyü kimi, beynəlxalq ədaləti və təhlükəsizliyi birbaşa qlobal idarəetmə strukturunun səmərəliliyi ilə əlaqələndirir. Bu baxımdan, Türkiyə Prezidentinin səsləndirdiyi fikirlər gələcək dünyanın konturlarının dərk edilməsi baxımından əhəmiyyətlidir. Çıxışda diqqəti cəlb edən məqamlardan biri də ondan ibarət oldu ki, cənab Ərdoğan regional strukturların getdikcə daha səmərəli rol oynadığını vurğuladı. Yəni, qlobal strukturlar hazırkı kimi səmərəsiz fəaliyyət göstərirsə, regional strukturlar onların işini tamamlaya və daha da gərginləşmə risklərini azalda bilərlər. Türkiyə Prezidenti R.T. Ərdoğan həmçinin, Türkiyənin təsirli rolunu önə çəkərək, Avropa təhlükəsizliyinin Türkiyəsiz nəzərdən keçirilməsinin mümkünsüzlüyünü səsləndirdi. Həqiqətən də, müasir dünyada cərəyan edən mürəkkəb proseslər bir daha təsdiq edir ki, qardaş Türkiyə Avropa və Avro-Atlantik təhlükəsizlik arxitekturasında mühüm rola malikdir.
Eyni zamanda hazırkı mərhələdə konkret məsələlər və proseslər haqqında da səsləndirilən fikirlər dünya ictimaiəti tərəfindən diqqətlə qarşılandı. Bu mənada, Azərbaycanla Ermənistan arasında sülh prosesində toxunan Türkiyə Prezidenti növbəti dəfə ölkəsinin mövqeyini aydın ifadə etdi və hamının Qarabağı artıq Azərbaycan ərazisi kimi tanıdığını səsləndirdi. Fərqli bir statusun tətbiqi cəhdi heç vaxt qəbul edilməyəcək. O, həmçinin əlavə etdi ki, Türkiyə Azərbaycanın öz ərazi bütövlüyünün qorunmasına yönəlmiş addımlarını dəstəkləyir. Eyni zamanda, cənab R.T. Ərdoğan çıxışında dəfələrlə vurğuladı ki, Türkiyə lap əvvəldən Azərbaycanla Ermənistan arasında danışıqlar prosesini dəstəkləyib, lakin Ermənistanın etibarlı və dayanıqlı sülh üçün xüsusilə də, Zəngəzur dəhlizinin açılması üçün öhtəliklərini yerinə yetirəcəyinə ümid etdiyini bildirdi. Hesab edirik ki, bu mövqe qardaş Türkiyənin Azərbaycana vacib beynəlxalq tribunadan növbəti təsirli dəstəyi idi.
Sözsüz ki, Fələstin məsələsi və Qəzzadakı vəziyyət də Türkiyə Prezidentinin çıxışında mərkəzi yer tutdu. Ərdoğan beynəlxalq ictimaiyyəti Fələstin hüquqlarını daha fəal şəkildə qorumağa, Fələstinin tanınması istiqamətində fəallığa və humanitar böhrana son qoymağa çağırdı. Belə ki, o, Fələstini tanımayan dövlətləri mövqelərini yenidən nəzərdən keçirməyə və qan tökülməsinə son qoymaq üçün beynəlxalq təzyiqi artırmağa çağırdı.
Beləliklə, təhlilimizə yekun vuraraq, qeyd edə bilərik ki, cənab Ərdoğanın BMT BA-nın 81-ci sessiyasında çıxışı beynəlxalq ictimaiyyəti fundamental bir sualı müzakirə etməyə məcbur edir. Türkiyə Prezidenti “real təhlükəsiz və ədalətli dünya necə olmalıdır və qurulmalıdır” sualına cavab verərək, əksər dövlətlərin səsinin real siyasi təsir və əhəmiyyətə malik olduğu bir beynəlxalq münasibətlər sisteminin yaranmasını əsas çıxış yolu kimi göstərdi.

Elşad Mirbəşir oğlu
Siyasi elmlər doktoru

Gundelik.az

Exit mobile version