Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mümkün Rusiya-ABŞ sammitinə ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Fars körfəzi ölkələrinə səfərindən qayıdarkən bildirib.
O vurğulayıb ki, Türkiyə və İstanbulun beynəlxalq dialoq üçün əhəmiyyəti böyükdür: “Biz istənilən vaxt belə bir görüşə ev sahibliyi etməyə hazırıq. Budapeştdə nəzərdə tutulan görüşün baş tutmaması təəssüf doğurur. Hər bir dialoq bu müharibəni sona çatdırmaq üçün faydalıdır”.
O əlavə edib ki, Türkiyə münaqişənin başlanmasından etibarən vəziyyətin nizamlanması istiqamətində fəaliyyət göstərir. Ankara hər iki tərəflə yaxşı münasibətlərə malikdir və bu, ona sülh prosesində üstünlük verir.
Qeyd edək ki, oktyabrın 22-də ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşün ləğv olunduğunu açıqlayıb. Tramp görüşün “lazımi nəticə verməyəcəyini” bildirib, lakin gələcəkdə Putinə ilə görüşün mümkünlüyünü istisna etməyib.
Bundan əvvəl Putin Budapeştdə Trampla danışıqlara hazırlıq işləri barədə danışmışdı.
Gundelik.az

