ABŞ fond indeksləri çətin iqtisadi şəraitə və Federal Ehtiyat Sistemi (FRS) ətrafında yaranmış vəziyyətə baxmayaraq, çərşənbə axşamı ticarəti artımla yekunlaşdırıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Truth sosial şəbəkəsində yaydığı məktubda FRS-in İdarə Heyətinin üzvü Liza Kuku vəzifəsindən azad etdiyini açıqlayıb. Tramp bu qərarını Federal Mənzil Maliyyə Agentliyinin rəhbəri Bill Pultenin Kuka qarşı irəli sürdüyü ipoteka fırıldaqçılığı ittihamları ilə əsaslandırıb. ABŞ Ədliyyə Departamenti artıq məsələ ilə bağlı araşdırmaya başlayıb. Kukun özü isə istefa verməkdən imtina edərək Trampın səlahiyyətini şübhə altına alıb və məhkəməyə müraciət edəcəyini bildirib.
Eyni zamanda, iqtisadi göstəricilər də açıqlanıb. Conference Board təşkilatının məlumatına görə, avqust ayında istehlakçı inamı indeksi 97,4 bənd təşkil edib. Bu, gözləniləndən (96,2 bənd) yüksəkdir. İyul göstəricisi isə yenidən hesablanaraq 98,7 bəndə qaldırılıb. Hökumətin statistikalarına əsasən, uzunmüddətli mal sifarişləri iyulda 2,8% azalaraq 302,8 milyard dollara enib. Analitiklər 4%-lik azalma proqnozlaşdırırdılar.
Şirkətlərin nəticələri isə bazarda mühüm rol oynayıb.
• EchoStar səhmləri AT&T-nin təxminən 23 milyard dollarlıq mobil spektr alacağı xəbəri ilə 70,3% bahalaşıb.
• Eli Lilly 5,9% dəyər qazanıb. Şirkətin piylənmə əleyhinə dərmanı forglipron üzrə klinik sınaqların müsbət nəticələri bazarda nikbinlik yaradıb. Morgan Stanley bu dərmanın illik satışının 2033-cü ilə qədər 40 milyard dollara çatacağını proqnozlaşdırıb.
• Interactive Brokers Group səhmləri S&P 500 indeksinə daxil edildikdən sonra 0,9% artıb.
• Bank sektorunda Wells Fargo 1,7%, Citigroup 0,8%, Bank of New York Mellon isə 1,4% bahalaşıb.
• Texnologiya nəhənglərindən Amazon 0,3%, Tesla 1,5%, Apple 1%, Nvidia 1,1%, Meta 0,1% dəyər qazanıb. Əksinə, Alphabet səhmləri 0,7%, Microsoft isə 0,4% ucuzlaşıb.
Bazar indekslərinin yekun nəticələri belə olub:
• Dow Jones Industrial Average – 0,3% artaraq 45 418,07 bənd.
• S&P 500 – 0,41% artaraq 6 465,94 bənd.
• Nasdaq Composite – 0,44% artaraq 21 544,27 bənd.
Gundelik.az

