Gundelik.az Dünya ABŞ-də qızılcaya yoluxma halları 35 ilin ən yüksək səviyyəsinə çatdı
Dünya Xəbərlər

ABŞ-də qızılcaya yoluxma halları 35 ilin ən yüksək səviyyəsinə çatdı

Amerika Birləşmiş Ştatlarında (ABŞ) qızılcaya yoluxma halları 1990-cı ildən bəri ən yüksək həddə çatıb.

Gundelik.az xəbər verir ki, Con Hopkins Universitetinin məlumatlarına görə, 2025-ci ilin əvvəlindən bu günə qədər 1277 təsdiqlənmiş yoluxma halı aşkar edilib. Bildirilib ki, 38 ştatda və Vaşinqtonda yoluxma halları qeydə alınıb.

Məlumata əsasən, epidemiya indiyədək 3 nəfərin həyatına son qoyub, ən azı 155 nəfər isə xəstəxanaya yerləşdirilib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (CDC) görə, qızılcaya yoluxma hallarının 92 faizi ya peyvənd olunmamış, ya da peyvənd statusu bilinməyən insanlardan ibarətdir.

Texas birincidir

Xəstəliyin ən intensiv yayıldığı ştat 700-dən çox hadisənin qeydə alındığı Texas olub. Kanzas və Nyu Meksiko kimi ştatlarda da onlarla hadisə aşkarlanıb.

Səlahiyyətlilər deyirlər ki, yoluxma ən çox peyvənd nisbəti aşağı olan icmalarda baş verir. Məsələn, müasir təbabəti rədd edən Mennonit icmaları ən yoluxuculardandır.

Peyvənd əleyhinə ritorika epidemiyaya təkan verir

Mütəxəssislərin fikrincə, ABŞ-də son illərdə artan peyvənd əleyhinə ritorika xəstəliyin yayılmasında mühüm rol oynayır.

Birləşmiş Ştatlarda qızılca 2000-ci ildə “aradan qaldırılmış xəstəlik” elan edilib. Lakin, mövcud yayılma sürəti 12 ay davam edərsə, ölkə bu statusu itirə bilər.

Pandemiya ilə birlikdə peyvəndlərin sayı da artıb. Məsələn, 2025-ci il yanvarın 1-dən martın 16-dək Texasda 173 000 MMR dozası tətbiq edilib. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 15 000 doza çoxdur.

Qızılca peyvəndi həmçinin parotit və məxmərəkdən qoruyur. 97% effektiv olan MMR peyvəndi pnevmoniya, ensefalit və ölümlə nəticələnə biləcək ağırlaşmalara qarşı ən güclü müdafiə vasitəsi hesab olunur.

Epidemiya digər ölkələrə də yayılır

Epidemiya təkcə ABŞ ilə məhdudlaşmır. Böyük Britaniyada 2024-cü il 2012-ci ildən bəri qızılcaya yoluxma hallarının ən çox olduğu il olub. Təxminən 3000 hadisə qeydə alınıb. Təkcə 2025-ci ilin əvvəlindən indiyədək isə sözügedən ölkədə 529 qızılcaya yoluxma halı qeydə alınıb.

Gundelik.az 

Exit mobile version