Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kolorado ştatında bəzi vəhşi dovşanların başlarında buynuza bənzər çıxıntılar müşahidə olunub.
Gundelik.az xəbər verir ki, ABŞ Kolorado Parkları və Vəhşi Təbiət Departamentinin (CPW) məlumatına görə, bu çıxıntılar pambıq quyruğu dovşan papillomavirusu adlı virusun yaratdığı dəri böyümələridir.
İnfeksiya adətən dovşanların başında qara düyünlər şəklində başlayır, zamanla böyüyərək buynuz formasını ala bilir. Virus əksər hallarda dovşanların həyatı üçün təhlükə yaratmasa da, qida qəbuluna mane olacaq ölçüyə çatdıqda ölümcül ola bilər. Şahidlərdən biri gördüyü yoluxmuş dovşanı “ağzının ətrafında qara çubuqlar” olan dovşan kimi təsvir edib və qeyd edib ki, dovşan qışdan sonra yenidən göründükdə çıxıntılar təkrar əmələ gəlib.
Mütəxəssislər bildirirlər ki, virus yalnız dovşanlara yoluxur. Lakin açıq havada saxlanılan ev dovşanları da bu virusa tutulma riski daşıyır və onlarda xəstəlik daha ağır keçir, baytar müdaxiləsi tələb olunur.
CPW-nin tövsiyəsinə görə, yoluxmuş dovşanları müalicə etmək mümkün olmasa da, onların çoxu zamanla sağalır. Qidalanmasına mane olan hallarda isə heyvanların evtanizasiya edilməsi məsləhət görülür. Səlahiyyətlilər həmçinin yoluxmuş dovşanlarla təmasdan çəkinməyi tövsiyə edirlər.
Gundelik.az

