Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın bacısı və Koreya Fəhlə Partiyası (KFP) Mərkəzi Komitəsi şöbə müdirinin müavini Kim Yo Conq bəyan edib ki, Pxenyan Cənubi Koreya ilə münasibətlərin normallaşdırılmasında maraqlı deyil.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
“Biz dəfələrlə bildirmişik ki, ABŞ-nin sadiq xidmətçisi və müttəfiqi olan Koreya Respublikası ilə münasibətləri yaxşılaşdırmaq iradəsinə malik deyilik. Bu mövqe və rəyimiz konstitusiyamızda da qeyd olunacaq”, — deyə Kim Yo Conq Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) vasitəsilə yayımlanan açıqlamasında vurğulayıb.
O, Cənubi Koreya mediasının iddialarını təkzib edərək, Şimali Koreyanın sərhədyanı ərazilərdəki səsgücləndiriciləri sökmədiyini və bunu etməyi planlaşdırmadığını bildirib. “Biz nə RK-nın səsgücləndiricilərinin sökülməsinə, nə radio yayımının dayandırılmasına, nə də hərbi təlimlərin təxirə salınmasına və ya azaldılmasına diqqət yetiririk”, — deyə o əlavə edib.
Kim Yo Conqun sözlərinə görə, Seulun KXDR siyasətində dəyişiklik yoxdur və 18 avqustda başlanacaq Cənubi Koreya–ABŞ birgə hərbi təlimləri “düşmən əhval-ruhiyyəsini bir daha təsdiq edəcək”.
Bundan əvvəl Cənubi Koreyanın sərhəddə təbliğat məqsədli səsgücləndiriciləri sökməyə başladığı, daha sonra isə KXDR-in də eyni addımı atdığı barədə məlumat yayılmışdı.
Cənubi Koreya və ABŞ 18–28 avqust tarixlərində Ulchi Freedom Shield 25 (UFS) adlı genişmiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır. “Renhap” agentliyinin məlumatına görə, nəzərdə tutulan 40 sahə təlimindən təxminən yarısı sentyabr ayına qədər təxirə salınacaq.
Gundelik.az

