BİR XONÇA ŞEİR
Ürəyi daşlara sözüm toxunmur,
Yağır söz yağışı ilham arxıma.
Nə vaxtdı deyirlər şeir oxunmur,
Elə bil söyürlər yeddi arxama.
Hər kəs ola bilməz nəfsinə ağa,
Şərə uymusansa, xeyir neyləsin?
Başın qarışıbsa pul qazanmağa,
Könüllər oxşayan şeir neyləsin?
Sevgi ürəklərdə çağlayan dəniz,
Qoymayın qurusun, haray qoparın.
Deyirəm böyüklər, elçi getsəniz,
Qız gilə bir xonça şeir aparın.
Bəlkə köç eylədim söküləndə dan,
Ölümün ətrini qoxuyacağam.
Məzarım başında, durub tabutdan,
Sonuncu şeirimi oxuyacağam.
DÜNYANI TƏZƏLƏ, İLAHİ
Nə çox inciyənin, umub küsənin,
Sənsiz nə hərəkət, nə iş, ilahi!
Bu yer də sənindi, o göy də sənin,
Gecənin rəngini dəyiş, ilahi.
Dəyişə gözümdə dünya bir anlıq,
Gecə də üzümə Günəş saçıla.
Sıxır ürəyimi bəzən qaranlıq,
Gözləyirəm nə vaxt səhər açıla.
Elə götür toxu bir acla dəyiş,
Qayğısı olana xoş xəbər olsun.
Zirvənin yerini yamacla dəyiş,
Qoy bir az yamac da bəxtəvər olsun.
Dərə ac yalquzaq, xəzəllər yemi,
Gözləri doymur ki, doymur, neyləyək?
Şəlalə ağlağan bir uşaq kimi,
Dağları yatmağa qoymur, neyləyək?
Ürəyimcə deyil Ay sarı rəngdə,
Demə belə duyğu, belə hiss olmaz.
Ulduzlar anamın saçları rəngdə,
Ay nərgiz gülünə çalsa, pis olmaz.
Pulum yox almağa baha dünyanı,
Hər gün dərd əkirəm öz içimdə mən.
Tanrım, yorulmuşam, daha dünyanı,
Görmək istəmirəm bu biçimdə mən.
ÖMRÜMÜ
Kim qaçırtdı bu dünyanın tamını?
Neçə acı dil apardı ömrümü.
Nələr çəkdim sevdiyimin yolunda,
Gecə- gündüz yol apardı ömrümü.
Geri dönən deyil daha gənc çağım,
İndən belə hər keçən gün qaçağım.
Bir də gördüm sönüb ömür ocağım,
Külək əsdi, yel apardı ömrümü.
Quruyubsa, ağacımdan nə dərim?
Ürəyimdə ilmə- ilmə kədərim.
Heç bilmədim necə keçdi günlərim,
Ay apardı, il apardı ömrümü.
Dərdlərimi aparmağa gəmim var,
Mənim zildən xoşum gəlmir, bəmim var.
Gözlərimdə buludlardan nəmim var,
Yağış yudu, sel apardı ömrümü.
Qanad açıb bəzən döndüm quşa mən,
Xoş günümdə bahar dedim qışa mən.
Hardan gəlib çatdım ahıl yaşa mən?
Bir sehirli əl apardı ömrümü.
Fəxrəddin Teyyub
Gundelik.az
