“Tesla” bu həftə ilk müştərilərinə “Semi” elektrikli yük maşınlarının tədarükünə başlayır.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin rəhbərləri bu barədə elektrik yük maşınlarının istehsal edildiyi Nevada ştatının Sparks şəhərindəki zavodda keçirilən tədbirdə bildiriblər.
Bu, baş direktor Elon Maskın elektrikli ağır yük maşınlarını ilk dəfə təqdim etməsindən təxminən doqquz il sonra baş verir.
Uzun məsafəli yükdaşımalar üçün nəzərdə tutulan “Semi”, elektrik sedanları və SUV-ləri ilə tanınan “Tesla” üçün kommersiya yükdaşıma bazarına çıxış deməkdir. Bu addım ABŞ-də dizel yanacağının qiymətlərinin rekord həddə yüksəldiyi bir dövrə təsadüf edir.
“Tesla” cümə axşamı gecə zavodda keçirilən onlayn tədbirdə yük maşınlarının istehsal həcmi ilə bağlı konkret planlarını və qiymətlərini açıqlamayıb. Şirkət Nevada zavodunda ildə 50 min “Semi” istehsal etmək planını bir daha təsdiqləyib.
Mask tədbirdə iştirak etməyib. O, əvvəlcədən lentə alınmış video müraciətində deyib:
“Əgər hələ sifariş verməmisinizsə, daha çox sifariş yerləşdirməyi tövsiyə edərdim. Lakin gözləmə siyahısı artıq kifayət qədər uzundur”.
PepsiCo, DHL və US Foods da daxil olmaqla müştərilər tədbirdə səhnəyə dəvət olunub. Bu şirkətlərin loqolarının əks olunduğu yük maşınları zavodun qarşısında nümayiş etdirilib.
Tam yüklə uzun məsafə üçün nəzərdə tutulan versiya bir dəfəlik enerji doldurulması ilə 500 mil (təxminən 805 km) məsafə qət edə bilir.
“Tesla”nın “Semi” yük maşınlarının mühəndisliyi üzrə direktoru Den Pristli bildirib: “Bu, real şəraitdə qət edilən 500 mildir. Müştərilərimiz bunu təsdiqləyiblər”.
Standart versiyanın hərəkət məsafəsi isə 325 mil (təxminən 523 km) təşkil edir.
İstehsal illərlə gecikdi
“Semi” ilk dəfə 2017-ci ildə təqdim edilib və istehsalın 2019-cu ildə başlaması gözlənilirdi.
İlk yük maşını nəhayət aprel ayında yüksək həcmli istehsal xəttindən çıxıb və kütləvi istehsalın bu il başlaması planlaşdırılıb. Lakin “Tesla”nın iyul ayında səhmdarlara göndərdiyi məktubda “Semi”nin istehsalına 2026-cı ildə başlanacağı bildirilib və bu il üçün əvvəlki kütləvi istehsal proqnozu aradan qaldırılıb.
“Tesla” 2022-ci ilin sonlarında ABŞ-də PepsiCo da daxil olmaqla ilk müştərilərinə məhdud sayda Semi tədarük etməyə başlamışdı. Sonrakı gecikmələr, artan rəqabət və ABŞ-də elektrikli avtomobillərlə bağlı siyasətin dəyişməsi tələbatla bağlı narahatlıqları artırıb.
Bununla belə, təmiz nəqliyyat sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı “Catalyst Mobility”nin məlumatına görə, “Tesla” bu həftə dünyanın ən böyük yük sahiblərindən bəzilərinin, o cümlədən “Microsoft” və PepsiCo-nun daxil olduğu koalisiyadan 2 500 “Semi” yük maşını üçün sifariş alıb.
Təşkilatın məlumatına görə, bu rəqəm ABŞ-də mövcud olan elektriklə işləyən Class 8 yük maşınlarının ümumi sayının təxminən iki mislidir.
Ötən ay İsveçin yükdaşıma texnologiyaları şirkəti Einride AB də öz parkına 500 “Semi” yük maşını əlavə etmək barədə razılaşma əldə etdiyini açıqlayıb.
Nurəddin Abdullayev
Gundelik.az
