Talassemiya daşıyıcısı olan cütlüklər ailə qurmazdan əvvəl nələri bilməlidirlər? - AÇIQLAMA

Talassemiya daşıyıcısı olan cütlüklər ailə qurmazdan əvvəl nələri bilməlidirlər? - AÇIQLAMA

"Talassemiya daşıyıcılığının müəyyənləşdirilməsi üçün müvafiq laborator müayinələr aparılmalıdır".

Talassemiya irsi qan xəstəliklərindən biridir. Talassemiya daşıyıcısı olan şəxslər, bir qayda olaraq, gündəlik həyatlarını normal davam etdirə bilsələr də, ailə qurmazdan əvvəl onların hər ikisinin daşıyıcılıq vəziyyətini bilməsi gələcək övladlarının sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs hər iki tərəf talassemiya daşıyıcısı olduqda hansı risklər yaranır? Belə cütlüklər ailə qurmazdan əvvəl hansı müayinələrdən keçməli və hansı addımları atmalıdırlar?

Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin həmtəsisçisi və sədr müavini, Talassemiya Könüllüləri Fondunun rəhbəri Gülgün Gündüz Gundelik.az-a açıqlamasında bu məsələlərlə bağlı maarifləndirmənin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, talassemiya daşıyıcılığı xəstəliklə eyni anlayış deyil və daşıyıcı olmaq insanın sağlam həyat sürməsinə mane olmur:

"Talassemiya daşıyıcısı olmaq talassemiya xəstəsi olmaq demək deyil. Daşıyıcı olan insanların əksəriyyəti gündəlik həyatlarını normal şəkildə davam etdirirlər. Lakin ailə qurmaq və övlad sahibi olmaq məsələsində hər iki tərəfin daşıyıcılıq statusunu bilməsi çox vacibdir. Çünki talassemiya irsi yolla ötürülən xəstəlikdir və gələcək nəsillərin sağlamlığı valideynlərin genetik xüsusiyyətlərindən asılıdır".

Gülgün Gündüz qeyd edib ki, talassemiya daşıyıcılığının müəyyənləşdirilməsi üçün müvafiq laborator müayinələr aparılmalıdır.

"Təkcə ümumi qan analizinin nəticələri ilə kifayətlənmək düzgün deyil. Şübhəli hallarda və ya daşıyıcılıq ehtimalı olduqda əlavə laborator müayinələr və mütəxəssis məsləhəti vacibdir. Ailə qurmağa hazırlaşan şəxslər talassemiya daşıyıcılığı ilə bağlı müayinələrə məsuliyyətlə yanaşmalıdırlar. Əgər tərəflərdən birində daşıyıcılıq aşkarlanarsa, digər tərəfin də müayinədən keçməsi vacibdir. Hər iki şəxsin daşıyıcı olması halında isə cütlük riskləri düzgün qiymətləndirmək üçün hematoloq və ya tibbi-genetik məsləhət xidmətinə müraciət etməlidir", deyə vurğulayıb.

Mütəxəssislərin yanaşmasına əsasən, hər iki valideyn eyni irsi talassemiya formasının daşıyıcısı olduqda, hər hamiləlik üçün uşağın xəstəliyi ağır formada irsən alması ehtimalı 25 faiz, daşıyıcı olması ehtimalı 50 faiz, həmin genetik variantları daşımaması ehtimalı isə 25 faiz təşkil edə bilər:

"Bu göstəricilər valideynlərdəki konkret genetik dəyişikliklərdən asılı olaraq dəqiqləşdirilməlidir. Əsas məqsəd insanları qorxutmaq deyil, onları düzgün məlumatlandırmaq və gələcək övladlarının sağlamlığı ilə bağlı şüurlu qərarlar vermələrinə dəstək olmaqdır. Talassemiya daşıyıcısı olan şəxslərin ailə qurmasına mane olmaq və ya onları cəmiyyətdən təcrid etmək düzgün yanaşma deyil. Əsas məsələ risklərin əvvəlcədən bilinməsi, cütlüklərin tibbi-genetik məsləhət alması və reproduktiv seçimlər barədə ətraflı məlumatlandırılmasıdır. İnsanlar bilməlidirlər ki, müasir tibbin imkanları sayəsində riskləri qiymətləndirmək, hamiləliyin planlaşdırılması zamanı uyğun müayinələrdən keçmək və məlumatlı qərarlar vermək mümkündür".

O, həmçinin talassemiya ilə bağlı maarifləndirmənin yalnız nikahdan əvvəl aparılan müayinələrlə məhdudlaşmamalı olduğunu bildirib.

"Məktəblərdə, ali təhsil müəssisələrində və ictimai platformalarda irsi qan xəstəlikləri barədə məlumatların artırılması gələcək nəsillərin sağlamlığının qorunmasına töhfə verə bilər. Talassemiya ilə mübarizədə ən vacib addımlardan biri maarifləndirmədir. Hər bir gənc daşıyıcılığın nə demək olduğunu, hansı hallarda risk yarandığını və müayinələrin niyə vacib olduğunu bilməlidir. Düzgün məlumatlandırma ailələrin gələcəklə bağlı daha məsuliyyətli qərarlar verməsinə və xəstəliyin ağır formalarının qarşısının alınması istiqamətində imkanların genişlənməsinə kömək edir", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

Nurəddin Abdullayev
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.