İngiltərənin gözəllik kraliçası seçildi – Anası da vaxtilə eyni müsabiqədə iştirak edib

İngiltərənin gözəllik kraliçası seçildi – Anası da vaxtilə eyni müsabiqədə iştirak edib

Böyük Britaniyada 21 yaşlı tələbə Tabita Bennett “Miss İngiltərə – 2026” gözəllik müsabiqəsinin qalibi olub.

Gundelik.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Gözəllik yarışmasının final mərhələsi noyabrın 17-də keçirilib. Tabita finalda Şahzadə Diananın obrazından ilhamlanaraq hazırladığı geyimlə diqqət çəkib. Maraqlısı budur ki, o, libası təkrar emal edilmiş materiallardan özü hazırlayıb.

32 rəqibini geridə qoyan Tabita İngiltərəni “Miss World” beynəlxalq gözəllik müsabiqəsində təmsil etmək hüququ qazanıb. Yarışmanın 2027-ci ilin sentyabrında Tanzaniyada keçirilməsi planlaşdırılır.

Tabita Bennett İngiltərənin vaxtilə ən gözəl qadınlarından biri kimi tanınan Viki Bennetin qızı olduğu üçün də diqqət mərkəzindədir. Onun anası 1986-cı ildə ölkənin milli gözəllik müsabiqəsində iştirak etsə də, qalib ola bilməyib.

Tabita isə 2024-cü ildə anasının 1984-cü ildə qazandığı “Miss Blekpul” tituluna sahib olub. 2026-cı ildə “Miss Lankaşir” seçilərək anasının daha bir uğurunu təkrarlayıb.

Viki Bennett qızının qələbəsini eşidəndə sevincdən göz yaşlarını saxlaya bilmədiyini bildirib. Tabita isə “Miss İngiltərə” titulunu ana ilə qızın ortaq arzusunun gerçəkləşməsi və həyatının ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirib. O, müsabiqəyə hazırlıq prosesində bir sıra çətinliklərlə üzləşdiyini də söyləyib.

Məlumata görə, 2025-ci ilin oktyabrında dələduzlar Tabitanın fotolarını oğurlayaraq onun adından nalayiq məzmunlu saxta sosial media hesabları yaradıblar. Gənc qız məsələ ilə bağlı polisə müraciət etməli olub.

İnternetdə üzləşdiyi təzyiq və təhqirlər səbəbindən Tabita hətta müsabiqədə iştirakdan imtina etməyi də düşünüb. Lakin sonradan mübarizəni davam etdirmək qərarına gəlib. Qələbəsindən sonra isə qazandığı tanınmışlıqdan onlayn zorakılığa qarşı mübarizədə istifadə etmək niyyətində olduğunu açıqlayıb.

Xatırladaq ki, daha əvvəl 25 yaşlı Daniella Adewusi anasından 35 il sonra “Miss Kainat Nigeriya” milli gözəllik müsabiqəsinin qalibi olub. Onun anası vaxtilə yarışmada iştirakçıların intellektual səviyyəsinə daha çox önəm verildiyini və suallara verilən cavabların ciddi qiymətləndirildiyini bildirmişdi.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.