ABŞ-Meksika sərhədində uçan tarixəqədim kərtənkələ göründü – Görüntülər müzakirələrə səbəb oldu

ABŞ-Meksika sərhədində uçan tarixəqədim kərtənkələ göründü – Görüntülər müzakirələrə səbəb oldu

Meksika sakinləri ABŞ-la sərhəd ərazisi üzərində pterodaktilə bənzəyən uçan bir məxluq gördüklərini iddia ediblər.

Gundelik.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.

Sosial şəbəkələrdə Çihuahua ştatının Syudad-Xuarez şəhərinin sakinləri tərəfindən çəkildiyi iddia olunan videolar yayılıb. Kadrlarda Xuares vadisi üzərində uçan qanadlı bir məxluq əks olunub. Daha sonra başqa bir qanadlı varlığın itə hücum etdiyini göstərən üçüncü video da ortaya çıxıb.

Bütün görüntüləri paranormal hadisələr üzrə tanınmış tədqiqatçı Xayme Maussan yayımlayıb. O bildirib ki, videoları iki ölkənin sərhədi üzərində naməlum məxluq gördüklərini deyən izləyiciləri ona göndəriblər.

Videoları izləyənlərin bir çoxu kadrlarda pterodaktilin əks olunduğunu ehtimal edib. Skeptiklər isə görüntülərin süni intellekt vasitəsilə hazırlandığını düşünürlər.

Maussan videoların “tamamilə real” olduğunu iddia edib. Onun fikrincə, kadrlardakı canlı pteranodondur və dünyamıza ölçülərarası portal vasitəsilə daxil olub.

Lakin Syudad-Xuarez şəhərinin Mülki Müdafiə Xidmətinin rəhbəri Serxio Rodriqes sonradan bu videoların süni şəkildə hazırlandığını və reallıqla əlaqəsinin olmadığını bildirib.

Digər mütəxəssislər isə görüntülərdə Şimali Amerikada geniş yayılmış böyük göy vağının əks oluna biləcəyini ehtimal ediblər. Bu quş geniş qanadlarını açaraq və boynunu irəli uzadaraq uçur.

Qeyd edək ki, Maussan daha əvvəl Çihuahua ştatında sirli ağ yırtıcı heyvanın fermerlərə məxsus toyuq və dovşanları oğurladığını iddia etmişdi. ABŞ və Meksika rəsmiləri isə belə bir yırtıcı ilə bağlı heç bir məlumat almadıqlarını açıqlamışdılar.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.