Kraliça II Yelizavetanın qohumu hava limanı əməkdaşından çaydanda yumurta bişirməsini istəyib
Böyük Britaniya kraliçası II Yelizavetanın yaxın qohumu Londonun Hitrou hava limanında çalışan əməkdaşdan çaydanda yumurta bişirməsini xahiş edib.
Gundelik.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Hadisə “Hitrou: Dünyaya açılan qapı” adlı yeni kitabda yer alıb. Sözügedən dövrdə hava limanının VIP zalları birbaşa terminallarda yerləşirdi və yalnız diplomatlar, eləcə də kral ailəsinin üzvləri üçün nəzərdə tutulurdu.
The Windsor VIP zalında 30 ildən çox VIP koordinatoru kimi çalışan Sonya Dikson həmin maraqlı hadisəni xatırlayıb. Onun sözlərinə görə, kral ailəsinin yüksək vəzifəli nümayəndələrindən biri ondan yumurta bişirməsini istəyib.
“Mən ona yumurta bişirmək imkanımızın olmadığını izah etdim. O isə dedi: ‘Əzizim, sadəcə onu çaydana qoy. Mən özüm də belə edirəm’”, – deyə Diksonun sözlərini nəşr sitat gətirib.
Əməkdaş isə cavabında belə deyib: “Xanım, yumurtam olsaydı, mən də elə edərdim”.
Hitrou hava limanı həmin şəxsin kral ailəsinin hansı üzvü olduğunu açıqlamaqdan imtina edib.
Ən nüfuzlu qonaqlar üçün nəzərdə tutulan The Windsor VIP zalında 96 əməkdaş çalışır. Onlar qonaqların müxtəlif istəklərini yerinə yetirməyə hazırdırlar. Məlumata görə, 2021-ci ildə Kembric hersoqu və hersoginyası uşaqları ilə tətilə yollanmazdan əvvəl bu zalın xidmətlərindən istifadə ediblər.
Kitabda II Yelizaveta ilə bağlı başqa bir maraqlı hadisə də yer alıb. 1952-ci ildə atası, Kral VI Corcun vəfat etdiyini öyrənən Yelizaveta Keniyadan təcili şəkildə Londona qayıdıb. Onun təyyarədən matəm geyimində enə bilməsi üçün qara paltar təyyarəyə gizli şəkildə gətirilib və qısa müddətdə dəyişinməsi təşkil olunub.
Qeyd edək ki, daha əvvəl kral ailəsinin üzvünün 156 ildən sonra ilk dəfə məhkəməyə çağırıldığı barədə məlumat yayılmışdı. Hakim Adam Consonun qərarından sonra Endryu Mauntbatten-Vindsora ifadə verməsi üçün məhkəmə çağırışı təqdim edilib.
Nuri
Gundelik.az